İri şirkətlər yüksək vəzifələrə yerli kadrları təyin etməyə başlayıblar
- 31.03.2016, 10:35,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir sıra iri şirkətlər artıq xarici işçilərdən imtina edir. ANS-in məlumatına görə, şirkətlər buna səbəb kimi hazırda baş verən iqtisadi böhranı göstərirlər.
Məşhur tikinti şirkətlərinin birindən aldığımız məlumata görə, qurumda çalışan xarici ölkə vətəndaşları işdən azad olunur, onların yerinə yerli mütəxəssislər təyin edilir. Bunun şirkətin öz xərclərini azaltmaq məqsədilə edildiyi deyilir. Çünki yerli şirkətlərin birində konsaltinq xidməti göstərən xarici mütəxəssisin aylıq məvacibi kifayət qədər yüksək məbləğdir. Amma həmin vəzifəyə təyin olunan yerli mütəxəssislərə onlarla müqayisədə aşağı məvacib təyin edilir. Analoji addım artıq bir çox şirkətlər tərəfindən atılmağa başlayıb.
Şirkətlərin əcnəbi işçilərdən imtinasının iki əsas müsbət cəhəti qeyd olunur: yerli ixtisaslı kadrların yüksək vəzifələrdə çalışması və şirkətlərin qənaət rejiminə keçməsi.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov ANS-ə açıqlamasında bildirdi ki, şirkətlər xaricdən dəvət etdikləri işçilərə daha çox maaş verməli olurlar. Həmçinin əcnəbi işçilərin illik viza, sosial, sığorta və digər xərcləri şirkətin üzərinə düşür. “Bu hazırkı vəziyyətdə şirkətlər üçün əlavə xərcdir. Yerli işçilər üçün isə belə tələblər qoyulmadığından bu, şirkətlərə sərf edir. Tək Azərbaycanda deyil, bütün dünyada belə tendensiya yaşanır. Neft və digər transmilli şirkətlərdə daha çox xərc tələb edən işçilər vəzifələrindən azad olunurlar. Onların yerinə daha az maaş tələb edən işçilər təyin edilir. Şirkətlər xərcləri azaltmaq üçün belə addımlar atmağa məcbur olurlar”, - deyə Sahib Məmmədov qeyd etdi.
Sahib Məmmədov həmçinin xarici kadrların yerlilərlə əvəz olunmasını Azərbaycanda ixtisaslı mütəxəssislərin yetişdirilməsi ilə əlaqələndirdi. Onun sözlərinə görə, əvvəllər ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlər daha çox əcnəbilərə müraciət edirdilər. “15-20 ilə yaxındır ki, xarici şirkətlər Azərbaycanda layihələr həyata keçirir və şirkətlər qururlar. Təbii ki, orada həm Azərbaycan, həm də əcnəbi vətəndaşlar müştərək formada işləyirlər. Yerli işçilər əcnəbilərin təcrübəsindən istifadə etməklə ixtisaslarını artırırlar. Azərbaycanlı mütəxəssislərin yetişməsi isə xarici və yerli şirkətləri kadr islahatları keçirməyə sövq edir”, - deyə liqa sədri bildirdi.
Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlər də əcnəbi əməkdaşlarının yerli vətəndaşlarla əvəzlənməsini sürətləndirib. Onlar bunu artıq yerli kadrların xaricilər qədər ixtisaslı olması ilə əlaqələndirirlər. BP-nin (British Petroleum) Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ANS-ə açıqlamasında bildirdi ki, 2015-ci ilin sonuna olan məlumata görə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 735 nəfərdir.
"Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə dörd azərbaycanlı vitse-prezident daxildir. "İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramları da daxildir”, - deyə Tamam Bayatlı bildirdi.
Şirkət rəsmisi qeyd etdi ki, BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrların təşkil edəcəyi barədə öhdəliyi var. “Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər”, - deyən Tamam Bayatlı əlavə etdi ki, azərbaycanlılar da təyin edildikləri vəzifələrinin öhdəsindən digər xarici ixtisaslı kadrlar kimi yüksək peşəkarlıqla gələ bilirlər. Onların məvacibinə gəldikdə isə yerli mütəxəssislər BP-nin hər ölkədəki özünün bazar tələbinə uyğun maaş səviyyəsinə uyğunlaşdırılır. Yəni işçi hansı ölkənin vətəndaşıdırsa, həmin ölkənin bazar səviyyəsinə uyğun təyin edilir.
Həmçinin son illər Azərbaycan hökuməti də ixtisaslı kadrların yetişdirilməsinə diqqət artırır. Bu məqsədlə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” həyata keçirilib. Dövlət Proqramında istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur. Azərbaycanlı gənclər bu illər ərazində Almaniya, Avstraliya, Finlandiya, Fransa, ABŞ, Kanada və digər ölkələrdə təhsil almaqla öz ixtisaslarını artırıblar.
Amma bir neçə il əvvələ kimi Azərbaycanda xarici ölkə vətəndaşlarını işə götürmək "dəb" halını almışdı. Bəzi hallarda yerli mütəxəssis xaricidən daha savadlı olsa da şirkətlər özlərinə imic qazanmaq üçün əcnəbi vətəndaşı işə qəbul etməyə daha çox maraq göstərirdilər. Əvvəllər daha çox hər hansı bir bank və ya tikinti şirkəti menecerinin ispan mənşəli olması ilə fəxr edirdi. Amma əcnəbilər Azərbaycanda yüksək vəzifələrdə işlədiyi halda yerli vətəndaşlar xaricə iş axtarmağa gedirdilər. Lakin hazırda iqtisadi vəziyyətin gərginləşməsi və yerli ixtisaslı kadrların yetişdirilməsi Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətləri əcnəbi mütəxissislərdən imtinaya məcbur edir. Bu isə azərbaycanlılar üçün yeni iş yerlərinin yaranması deməkdir. Əsas məsələ isə xarici mütəxəssisin yerinə yerli ixtisaslı kadr yetişdirməkdir.