Bakıda beynəlxalq sığorta forumu keçiriləcək

İyunun 20-21-də Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.

ASA-dan APA-ya verilən məlumata görə, forumda «Qafqaz regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri», «Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri», «Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları», «Tibbi sığorta – köhnə problemlərin yeni həlləri» və «Avtomobil sığortası» panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.

Forumda Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyənin sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış aparıcı ekspertləri, həmçinin Dünya Bankı, Avropanın iri təkrarsığorta şirkətlərindən olan «Swiss Re» və «Europe Re» şirkətləri, dünyanın iri sığorta broker şirkətlərindən olan «Willis Re» şirkəti, tibbi sığorta üzrə ixtisaslaşmış «Munich Health» şirkəti, Türkiyənin «TARSİM» (Kənd təsərrüfatı sığortaları Hovuzu) sistemi, «AUDOTEX», «AVUS», «OtoAnaliz» şirkətləri, eləcə də Azərbaycanın aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin nümayəndələri ekspert qismində iştirak edəcəklər. Ekspertlər həyat sığortası, tibbi sığorta, kənd təsərrüfatı sığortası və avtomobil sığortası mövzularında təqdimatlar keçirəcəklər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri