2015-ci ildə Azərbaycanda əsas magistral avtomobil yollarının modernləşdirilməsi başa çatacaq
- 14.06.2013, 09:25,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın bütün əsas magistral avtomobil yollarının tikintisi, modernləşdirilməsi və yenidən qurulması 2015-ci ildə başa çatdırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda XII Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" ("TransCaspian-2013") sərgisinin açılış mərasimində deyib:
"Azərbaycan iqtisadi inkişaf sahəsində böyük uğurlar qazanıb, bu nailiyyətlər xüsusilə ölkənin nəqliyyat sektorunu əhatə edib. Respublikada iri nəqliyyat layihələri həyata keçirilir, yol-nəqliyyat infrastrukturu təkmilləşdirilir, dəniz nəqliyyatı, dəmiryol və digər sahələrin infrastrukturu inkişaf edir".
Nazir müavini Azərbaycanın həyata keçirdiyi iri layihələr arasında Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin yaradılmasını qeyd edib. Bu layihənin həyata keçirilməsi Avropaya çıxışı təmin etməyə imkan verəcək, həmçinin Azərbaycanın və ümumilikdə regionun yükdaşımaları və tranzit potensialının artmasına müsbət təsir edəcək.
Pənahovun sözlərinə görə, nəqliyyat vasitələrinin sayının artımı yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsini tələb edir: "Nəqliyyat vasitələrinin sayı hər il artır və təkcə ötən il ölkəyə 100 mindən artıq nəqliyyat vasitəsi idxal edilib".
Nazir müavininin sözlərinə görə, bu səbəbdən avtomobil yollarının yenidən qurulması və genişləndirilməsi üzrə işlər davam etdiriləcək.