Elmar Məmmədyarov Fransa, Litva və Gürcüstanın XİN rəhbərləri ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cəbhədə yaranmış son gərginliklə əlaqədar Fransa, Litva və Gürcüstanın xarici işlər nazirləri ilə telefonla danışıb.



Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar həmkarlarına məlumat verərək, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə aldığını, Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxsin həlak olduğunu və yaralandığını bildirib.



Nazir qeyd edib ki, 3 aprel 2016-cı il tarixində Azərbaycan Silahlı Qüvvələrinin xoşniyyət və sülhpərvər məramlardan çıxış edərək, düşmənə qarşı əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərarının əksinə olaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə almaqla qoşunların təmas xətti boyunca atəşkəsi pozmaqda davam edir.



E.Məmmədyarov, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mülki insanların təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatçı addımlarının qarşısını almaq üçün zəruri cavab tədbirləri gördüyünü vurğulayıb. Nazir əlavə edib ki, bu kimi gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur.



E.Məmmədyarov gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olunması üçün Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu, münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilə biləcəyini vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri