Uorlik: "Danışıqlarda irəliləyişə nail olmaq, itkilərin baş verməməsi üçün atəş dərhal dayandırılmalıdır"
- 06.04.2016, 18:12,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Biz prezident, xarici işlər naziri və müdafiə naziri ilə görüşdük, həm hərbi, həm də mülki vətəndaşların ölümü ilə bağlı başsağlığı verdik. Bakıya belə mesaj gətirdik ki, danışıqlarda irəliləyişə nail olmaq, itkilərin baş verməməsi üçün atəş dərhal dayandırılmalıdır".
APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Diplomat bildirib ki, görüşlərdə danışıqların bərpa olunması və münaqişənin davamlı həllinin vacibliyini vurğulayıblar: "Bunları Ermənistanda da deyəcəyik".
C. Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin atəşkəsə hazır olmaları barədə bəyanatlarını alqışladıqlarını deyib: "Ümid edirik ki, bu, cəbhəboyu gərginliyi azaldacaq. Tərəflər atəşkəsə hörmət və əməl etməyincə, danışıqlarda siyasi irəliləyişdən söhbət gedə bilməz. ABŞ daim ATƏT-in Minsk qrupunu dəstəkləyir və istəyir ki, sülhə nail olmaq üçün danışıqlar baş tutsun. ABŞ-da ali rütbəli məmurlar da birbaşa bu prosesə daxil olub, atəşkəsin bərpa olunmasına çağırışlar ediblər. Baş verən gərginlik göstərdi ki, artıq davamlı sülhə nail olmaq üçün danışıqları davam etdirməyin vaxtı çatıb. Bunun üçün hər iki ölkə rəhbərləyinin siyasi iradəsi olmalıdır".