Nazir: "Son döyüşlərdə şəhid olanların yaxınlarının və əlil olanların maddi təminatı müvafiq qaydada aparılacaq"

"Bu gün şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün həm qanunvericilikdə kifayət qədər müddəalar var, həm də ölkə başçısı tərəfindən vaxtında çox böyük təqaüdlər təyin olunub".



Bu barədə APA-ya əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.



"Son günlər ərzində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar zamanı torpaq uğrunda şəhid olan şəxslərin yaxınlarının, o cümlədən əlil olanların maddi təminatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılacaq. Onlara həm prezident təqaüdləri, həm də müvafiq müavinətlərə veriləcək. Bundan başqa, həmin şəxslərin avtomobil və mənzil təminatı da həyata keçiriləcək. Bu məsələdə heç bir problem ola bilməz", - deyə nazir bildirib.



S. Müslümovun əlavə edib ki, şəhidlərin qeydiyyatda olduğu rayonların İcra Hakimiyyətləri onlara şəhidlik statusunun verilməsi, o cümlədən adlarının əbədiləşdirilməsi barədə lazımi sənədləri nazirliyə təqdim etməlidir.



"Bu gün hospitallarda müalicə alan qəhrəman oğullarımız var. Təbii, biz dua edirik ki, onlar tezliklə sağalıb ayağa qalxsınlar. Əgər onların hər hansı bir qüsuru olarsa, bu zaman onlara əlilik qrupunun verilməsi müvafiq qaydada aparılacaq", - deyə S. Müslümov bildirib.
Şərhlər
Sosial bölməsinin xəbərləri