Azərbaycanda işsizlərin sayı açıqlanıb
- 15.04.2016, 16:15,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il aprelin 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 milyon 929,7 min nəfər olub, onlardan 4 milyon 685,2 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 494,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 883,2 min nəfər, qeyri-dövlət sektorunda isə 611,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 460,4 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,3%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,3%-i tikintidə, 6,1%-i emal sənayesində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,7%-i təhsil, 19,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,7%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
Bu ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150,5 saat təşkil edib.
Bu il aprel ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 32,3 min nəfər olub, onların 37,8%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 251,7 manat olub.