Ekvadorda zəlzələ qurbanlarının sayı 233 nəfərə çatıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Ekvador prezidenti Rafael Korrea “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
Dövlət başçısı qeyd edib ki, Tarki-de-Manta rayonu zəlzələdən ciddi ziyan çəkib, binalar dağılıb.
***
Ekvadorda baş verən güclü zəlzələ qurbanlarının sayı 77 nəfərə çatıb, 588 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumatı görə, bunu Ekvadorun vitse-prezidenti Xorxe Qlas bildirib.
“El Comercio” qəzeti isə zəlzələ nəticəsində Quayakil şəhərində körpünün dağıldığı barədə məlumat yayıb. Körpünun dağıntısı altında bir avtomobil qalıb, ən azı 1 nəfər həyatını itirib. Şahidlər zəlzələnin bir neçə ticarət mərkəzində də dağıntılara yol açdığını bildiriblər. Ölkənin sahil rayonlarında təbii fəlakət çoxlu sayda binanın dağılmasına səbəb olub. Bir çox rayonlara elektrik enerjisi və suyun verilməsi dayandırılıb. Artıq bərpa işlərinə də başlanıb. Zəlzələdən sonra qismən elektrik enerjisinin verilməsinin dayandırıldığı paytaxt Kitoya elektrik enerjisinin verilməsi tam bərpa olunub.
Vitse-prezident X. Qlas ölkədə fövqəladə vəziyyət rejiminin elan olunduğunu bəyan edib, bu zəlzələnin 1979-cu ildən sonra ölkədə baş verən Ən güclü zəlzələ olduğunu söyləyib. Ekvador hökuməti xilasetmə işlərinə 10 min hərbçi və 3,5 min polis cəlb edib. Vtse-prezident sahil rayonlarından evakuasiya edilən sakinlərin artıq öz evlərinə qayıda biləcəyini, sunami təhlükəsinin olmadığını də açıqlayıb.
Qeyd edək ki, bu gecə 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.
***
Ekvadorda güclü zəlzələ nəticəsində 28 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib.
Onun sözlərinə görə, 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər – Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində ölüb.
Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.