Angela Merkel Türkiyə - Suriya sərhədinə gəlib

Almaniya kansleri Angela Merkel və Avrop İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk miqrantlara dair razılaşmaya dəstək əlaməti olaraq Türkiyə-Suriya sərhədindəki qaçqın düşərgəsinə baş çəkib. ANS-in məlumatına görə, Merkel və Donald Tusk 5 min miqrantın məskunlaşdığı Nizip düşərgəsində olub.

Bölgəyə səfər edən avropalı heyəti hava limanında Türkiyənin baş naziri Əhməd Davudoğlu qarşılayıb. Avropa İttifaqı - Türkiyə sövdələşməsi Yunanıstanda sığınacaq qazana bilməyən miqrantların Türkiyəyə qaytarılmasını nəzərdə tutur.

Bir ay əvvəl əldə olunmuş sazişin əleyhdarları mümkün deportasiyaları qanunsuz hesab edirlər. İnsan hüquqları üzrə kampaniya qruplarına əsasən Türkiyə miqrantlar üçün təhlükəsiz ölkə deyil. Razılaşmaya görə, Türkiyəyə göndərilən hər bir suriyalı miqrantın əvəzinə Türkiyədəki düşərgələrdə məskunlaşmış bir suriyalı qaçqın Aİ-də yerləşdiriləcək.

Rəsmi Ankara sövdələşmə əvəzində Avropaya vizasız səyahət istəyib. Razılaşmaya əsasən buna nail olmaq üçün Türkiyə mayın 4-dək 72 tələbə əməl etməlidir. Bu arada Türkiyə iyun ayınadək vizasız gediş-gəliş barədə tələbinin təmin edilmədiyi təqdirdə Aİ ilə əldə olunmuş razılaşmadan imtina edəcəyini israrlayır.

Indiyədək Türkiyə 2.7 milyona yaxin qaçqın qəbul edib. Onların 10 faizi qaçqın düşərgələrində qalır.
Şərhlər
Dünya bölməsinin xəbərləri