Mehriban Əliyeva: Bakıdakı Qlobal Forum konstruktiv dialoqa və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəyərli töhfə verəcək

Mehriban Əliyeva: Bakıdakı Qlobal Forum konstruktiv dialoqa və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəyərli töhfə verəcək Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu konstruktiv dialoqa və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəyərli töhfə verəcək. Trend-in məlumatına görə, bunu forumda çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib.

Azərbaycanın birinci xanımı forum iştirakçılarını salamlayıb.

Mehriban Əliyeva deyib: "Hər şeydən əvvəl, icazə verin, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun iştirakçılarını salamlayım və xoşbəxtlik, möhkəm cansağlığı və böyük uğurlar arzulayım. Belə mühüm tədbiri keçirmək bizim üçün böyük şərəfdir və hesab edirəm ki, bu forum konstruktiv dialoqa və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəyərli töhfə verəcək".

Azərbaycanın birinci xanımı, həmçinin ümid etdiyini bildirib ki, qonaqlar Bakının görməli yerlərinə baxmaq, onun mədəniyyətini öyrənmək və qonaqpərvərlik və xeyirxahlıq ab-havasını hiss etmək imkanlarına malik olacaqlar.

Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, bu sessiyanın mövzusu bütün ölkələr üçün vacibdir. Bu gün dünya miqrasiya, urbanizasiya, iqlim dəyişikliyi, bəzi ölkələrdə əhalinin yaşlanması, digər ölkələrdə isə işsiz gənclərin artması ilə şərtlənən genişmiqyaslı sosial dəyişikliklər yaşayır: "Bəzi hallarda sosial inteqrasiya üçün yeni imkanları, digər hallarda isə əksinə, insanların cəmiyyətdən təcrid olunmasını müşahidə edirik. Aydındır ki, müxtəlif ölkələrdə insanların sosial adaptasiyası fərqli yanaşmaları və həll yollarını tələb edir. Bu məsələ ilə bağlı çox şey millətin mentalitetindən, onun iş etikasından, insan və olduqca mühüm iqtisadi resursların olmasından asılıdır. Bu gün mən sizinlə ölkəmizin təcrübəsini bölüşmək istəyirəm. Və həm dövlət siyasətinin, həm də dövlət qurumları və QHT-lərin əsas prioritetini təşviq etməyə çalışacağam".

Birinci xanım bildirib ki, tarixi torpaq olmaqla yanaşı, Azərbaycan, eyni zamanda BMT-nin ən gənc üzvlərindən biridir: "XX əsrin əvvəllərində itirilmiş müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan 1992-ci il martın 2-də BMT-nin tamhüquqlu üzvünə çevrildi. Biz 25 illik dövlət quruculuğu prosesini keçdik. Bu gün Azərbaycanda gördüyünüz işlərin əksər hissəsi həmin dövrdə görülmüşdür. Mən bu gün hər hansı iqtisadi göstəriciləri və statistik rəqəmləri qeyd etməyəcəyəm. Azərbaycan olduqca açıq ölkədir və bizim sosial və iqtisadi nailiyyətlərimiz yaxşı məlumdur. Əlbəttə ki, biz bu irəliləyişdən fərəhlənirik. Biz iqtisadiyyatımızda gözəçarpan transformasiyaya nail olduq və onun dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etdik. Biz ictimai həyatın bütün səviyyələrində effektiv idarəçilik sistemini qurmuşuq. Elm, mədəniyyət və təhsil sahəsində islahatlar aparılıb. Biz bütün bunları xalqımızın zəngin insan potensialına əsaslanaraq etmişik. Qeyd etmək lazımdır ki, bu irəliləyiş tariximizin bu dövründə xalqımızın üzləşdiyi böyük çətinliklərə baxmayaraq əldə edilib".

Mehriban Əliyeva xatırladıb ki, Sovet İttifaqının süqutundan sonra ölkə ciddi siyasi, sosial və iqtisadi böhranla üzləşdi: "Bərpa olunmuş müstəqillikdən irəli gələn yüksək əhvali-ruhiyyə insan tələfatı və tarixi torpaqların işğalından yaranan qəm-qüssə ilə əvəzləndi. Azərbaycan BMT-yə üzv olduğu zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 5 il idi ki davam edirdi. Və bu, Azərbaycan torpaqlarının 20 faizinin işğalı və 1 milyon qaçqın və məcburi köçkünün yaranması ilə nəticələndi. İndi isə mən sizin diqqətinizə bir sıra rəqəmləri gətirmək istəyirəm. Erməni işğalı nəticəsində Azərbaycan ərazilərində 900 məntəqə, 150 min ev, 693 məktəb, 975 uşaq bağçası, 695 xəstəxana dağıdılmışdır. Biz, həmçinin 40 mindən artıq unikal tarix muzeyi eksponatı və materiallarını, 927 kitabxanada 4,6 milyon kitabı və əlyazmanı itirdik. Bu cür dağıntıların səviyyəsini, bizə vurulmuş zərbəni sadəcə təsvir etmək də çətindir. Mən bu fürsətdən istifadə edərək bütün BMT qurumlarına, həmin çətin anlarda bizimlə olmuş qurumlarına minnətdarlığımı bildirmək istəyirəm".

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməni qəbul edib: "Bizə həmin dövrdə yardım etmiş bütün beynəlxalıq təşkilatlara minnətdarıq. Azərbaycan hökuməti çox çətin vəzifə qarşısında idi. Çox qısa müddət ərzində qonşu dövlətin təcavüzü nəticəsində yüz minlərlə qadın, uşaq və yaşlıları qəbul etməli, yerləşdirməli, qidalandırmalı idi. 7 milyon əhalisi olan ölkə iqtisadi yardım və resurs olmadan 1 milyon soydaşımızın problemini həll etməli idi. Bu çətinliyi qiymətləndirmək üçün hazırda dünyada miqrantlarla bağlı cari vəziyyətə baxmaq və rəqəmləri müqayisə etmək kifayətdir".

Mehriban Əliyeva qeyd edib ki, 1993-cü illərin çətin anlarında - təcavüz baş verdikdə, Dağlıq Qarabağ və 7 qonşu ərazi işğal olunduqda müasir dövlətçiliyin əsasları və sosial müdafiənin əsas prinsipləri formalaşdırıldı: "Biz ən vacib zənginliyimizi qoruyub saxlaya bildik. Bu da bizim millətimizin insan kapitalı idi. Hətta qaçqın düşərgələrində ictimai məktəblər, o cümlədən musiqi məktəbləri fəaliyyətini davam etdirirdi. Tanınmış soydaşımız Mstislav Rostropoviç Bakıda anadan olub və 90-cı illərin ortalarından hər il bizim ölkəmizə səfər edirdi, qaçqın və məcburi köçkünlərin uşaqları üçün ustad dərsləri təşkil edirdi. Həmçinin yeni doğulan uşaqlar üçün bir sıra humanitar proqramlar həyata keçirirdi. Bütün dövlət qurumları fəaliyyətini dayanmadan davam etdirirdi: uşaqlar məktəblərə gedirdi, müəllimlər dərs deyirdi, həkimlər xəstələri qəbul edirdi. Gündəlik işimiz ürəklərimizdə sabaha ümidlər yaratdı. Bu, insanların ən yaxşı etibarlı, effektiv sosial adaptasiya üsullarından biri idi. Sonrakı illər ərzində hökumət insanların həyatlarının normallaşdırılması üçün bir çox işlər gördü və bunları davam etdirir. Biz bütün çadır düşərgələrini ləğv etdik, qaçqın və məcburi köçkünlər üçün müasir yaşayış məntəqələri yaratdıq. Bu insanlar iş yerləri ilə təmin olunur, sosial proqramlar həyata keçirilir. Gənc nəsil, həmçinin müasir təhsilə çıxış əldə edib. Tibbi terminlə söyləsək, bütün bu səylərin göstərilməsi yalnız müvəqqəti müalicə deməkdir. Çünki insan özünü qaçqın statusunda hiss etdikdə, öz fərdi identikliyini itirir. Belə olan halda nə qədər ideal yaşayış şəraiti yaradılsa da, heç bir şərait doğma evi əvəz edə bilməz. Yaşlı insanlar öz doğma evlərində rahatlıq tapır, gənclər isə ata-babalarının torpaqlarına qayıtmaq istəyir.

Hesab edirəm ki, hamımız bu insan əzab-əziyyətini anlaya bilərik. Və olduqca vacibdir ki, bu problem öz uzunmüddətli həllini tapsın, işğal olunmuş torpaqlar azad olunsun və insanlar öz evlərinə qayıtsın. Hansı sosial adaptasiya olursa-olsun, biz anlamalıyıq ki, Qarabağ, Suriya, İraq və Əfqanıstan qaçqın və məcburi köçkünləri nəinki fiziki itkilərə və çətinliklərə məruz qalırlar, həmçinin psixoloji zərbədən ayılma və əziyyət çəkən qəlbin bərpası daha çox vaxt və səylər tələb edir. Biz öz səylərimizi birləşdirməliyik ki, mövcud münaqişələr yekun nəticədə öz həllini tapsın və artıq dünyada yeni münaqişə episentrləri yaranmasın, qaçqın və məcburi köçkünlərin sayı artmasın. Ən azı, hər bir insan digər şəxsin ağrısına, faciəsinə və itkisinə şərik çıxmağa çalışmalıdır. Mərhəmət insan əzab-əziyyətlərinin aradan qaldırılmasında real vasitə olmalıdır".

Azərbaycanın birinci xanımı bildirib: "Hörmətli qonaqlar, mən burada Heydər Əliyev Fondunun layihələri haqqında danışmaq istərdim. Və bunlar dövlət və özəl şirkətlərin işbirliyi nəticəsində həyata keçirilib. Məsələn, 2005-ci ildə biz dövlət məktəblərinin bərpası və tikintisi ilə məşğul olmağa başladıq və onlardan 412-ni başa çatdırdıq. Bu təşəbbüs sonra Azərbaycan hökuməti tərəfindən dəstəkləndi və biz hökumət, QHT və şirkətlər arasında yaxşı əməkdaşlıq modelini yaratdıq. Bu gün bu əməkdaşlığın nəticəsi məhz 5 min mövcud məktəbin 3 mininin bərpası ilə nəticələndi.

Mən, həmçinin uşaqlarımızın sosial inteqrasiyasına yönəlmiş layihələr haqqında danışmaq istəyirəm. Onlar öz valideynlərini itiriblər və uşaq evlərində yaşayırlar və yaxud onlar əlilliyi olan uşaqlardır. Heydər Əliyev Fondu çalışdı ki, bütün vətəndaşlar üçün bərabərlik ideyasını gətirsin və həmin uşaqlara tolerant münasibəti təşviq etsin. Təbii ki, "Uşaq evlərinin inkişafı" proqramı çərçivəsində Fond 34 bu cür təsisatı təmin edib. Biz bununla bağlı beynəlxalq müsabiqələrdə də uşaqların iştirakını təmin etmişik. Biz onları, həmçinin xaricə istirahət üçün göndərmişik. Fond həmin uşaqlar, həmçinin digər ölkələrdən uşaqların Azərbaycana səfərini təşkil edib. Bundan əlavə, məhz valideyn himayəsindən məhrum olan uşaqlar üçün binaların tikintisi artıq bu sahədə vacib rol oynayıb. Biz bununla onların sosial inteqrasiyasını təmin etmişik. Əlilliyi olan insanlarla münasibətin qurulması və onların yaşaması bizim sosial inteqrasiyamızın mühüm elementidir. Hazırda Azərbaycanda 570 minə yaxın əlil var və onların 67 mini uşaqdır. Təbii ki, bu cür kateqoriyadan olan insanlar cəmiyyətə qovuşmaqda bəzi baryerlərlə üzləşirlər. Buna görə də biz hesab edirik ki, inklüziv təhsilin təmin edilməsi əlil uşaqlar üçün sosial inteqrasiyada əsas rol oynayır. Ona görə də məhz əlil uşaqların təhsil prosesi adi uşaqlarla eyni vaxtda aparılmalıdır".

Mehriban Əliyeva deyib ki, Azərbaycan 2008-ci ildə BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına qoşulsa da, biz ilk addımlarımızı bundan əvvəl - 2004-cü ildən atmışıq: "Hazırda 366 əlil uşaq inklüziv təhsil alır. Gözdən əlil şəxslərin informasiya texnologiyalarına çıxışının təmin edilməsi layihəsi çərçivəsində biz məhz Bakıda, görmə qabiliyyəti olmayan uşaqlar üçün respublika məktəbində müasir İKT mərkəzini yaratmışıq. Fond, həmçinin əlilliyi olan insanlar üçün bir sıra regional informasiya mərkəzləri yaradıb. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqlar üçün reabilitasiya mərkəzi yaradılıb, o cümlədən "Daun sindromu"ndan əziyyət çəkən pasiyentlər üçün mərkəz açılıb. Öz təcrübəmizdən irəli gələrək, biz oxşar layihəni Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda da həyata keçirdik. Fond bununla bağlı mərkəz yaradıb. Ötən ilin sentyabr ayında Heydər Əliyev Fondu uşaqlar üçün Macarıstanda Roma katolik mərkəzinin yeni binasını tikib. Həmin mərkəz Laslo Battiani Mərkəzi adlanır".

Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, həmçinin Fond "Azərbaycan tolerantlıq ünvanı" layihəsi çərçivəsində katolik və pravoslav kilsələrinin, o cümlədən sinaqoqların təmirinə töhfə verir: "Bu layihənin bir hissəsi kimi, biz Bakıda yəhudi uşaqlar üçün Təhsil Mərkəzi yaratdıq. Biz Romanın müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında da iştirak etmişik. İlk dəfə Vatikan tarixində biz müsəlman ölkəsi olaraq xristianlığa aid müqəddəs abidələrin bərpasına yardım etdik. Fond, həmçinin Fransada bir sıra digər layihələr həyata keçirir. Biz Fransanın müxtəlif məkanlarında müqəddəs yerlərin bərpasına maliyyə yardımı göstərmişik. O cümlədən Strasburq Kafedral kilsəsinin bərpasında iştirak edirik. Azərbaycanın dəstəyi ilə biz Luvr Muzeyində məhz İslam incəsənətinə həsr olunmuş zalların açılışında iştirak etmişik".

Birinci xanım qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxdilli bir ölkədir: "Burada bütün qruplar eyni, bərabər hüquqlara malikdirlər. Buna görə də etnik və dini tolerantlıq bu gün dünyada demokratiyanın vacib bir sütunudur və bu da Azərbaycan cəmiyyətinin normal həyat tərzidir. Biz tarixdə heç vaxt ayrı-seçkilik və düşmənçilik təzahürlərini görməmişdik. Əhalimizin əksər hissəsi müsəlman olsa da, xristianlar, yəhudilər və digərləri də burada normal yaşayır və fəaliyyət göstərirlər. Hazırda Azərbaycanda 300-dən artıq dini icma müxtəlif yerlərdə fəaliyyət göstərir. Qırmızı Qəsəbədə dağ yəhudiləri kompakt yaşayırlar. Azərbaycanda bütün əhali təbəqələrində yüksək sosial tolerantlıq səviyyəsi var. Bu da bizim inkişafımızın bir göstəricisidir. Fikimcə, ən mühüm nailiyyətlərdən biri məhz Azərbaycan cəmiyyətində bu gün yüksək sosial tolerantlığın olmasıdır. Aydındır ki, ölkəmiz bir çox həll olunmamış məsələlər, çağırışlar və problemlərlə üzləşməkdə davam edir. Transformasiya və müasirləşmə prosesi bir çox sektorlarda davam edir. Bununla belə, uğurlarımıza və nailiyyətlərimizə baxdıqda, biz öz gələcəyimizə nikbin yanaşırıq. İnanırıq ki, ölkəmizin əsas zənginliyi onun insan potensialıdır.

Mən sonda öz çıxışımı tanınmış alim Albert Eynşteyndən sitat gətirməklə bitirmək istəyirəm: "Hər hansı bir fərdin həyatı yalnız o vaxt məna daşıyır ki, o, hər bir canlı məxluqun həyatını daha yaxşı etsin. Həyat müqəddəsdir, bu o deməkdir ki, o, ən ali dəyərdir və bütün digər dəyərlər ona tabe olur".

Bir daha çox sağ olun, mən sizə xoşbəxtlik, möhkəm cansağlığı arzulayıram. Diqqətinizə görə minnətdaram!"
Şərhlər
Siyasət bölməsinin xəbərləri