Azərbaycanda icbari tibbi sığorta paketinin necə formalaşacağı açıqlandı

Azərbaycanda icbari tibbi sığorta paketinin necə formalaşacağı açıqlandı Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunan zaman icbari tibbi sığorta paketinin necə formalaşacağı, buraya hansı xəstəliklər üzrə müalicənin, tibbi xidmətlərin daxil olacağı açıqlanıb.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Trend-ə bildirib ki, ilkin mərhələdə paketi vətəndaşların daha çox əziyyət çəkdiyi xəstəliklər üzrə formalaşdırmaq istəyirlər.

Əsas məqsədin icbari tibbi sığortanın tətbiqi ilə əhaliyə tibbi xidmətləri daha da əlçatan etmək olduğunu deyən Z.Əliyev bildirib ki, artıq Səhiyyə Nazirliyindən, özəl tibb müəssisələrindən müvafiq statistik məlumatlar toplanılıb. Hazırda Agentlik tərəfindən Azərbaycan vətəndaşlarının daha çox hansı xəstəliklərdən əziyyət çəkdiyi araşdırılır.

Z.Əliyev əlavə edib ki, müalicəsi daha çox maliyyə vəsaiti tələb edən, lakin dövlət proqramı tərəfindən təminat verilməyən xəstəlikləri ilkin paketə daxil etməyi planlaşdırırlar: "Məsələn, statistikaya görə, ölkəmizdə qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxdur, eyni zamanda onların əməliyyatları çox məsrəflidir. İlkin müşahidələrimizə əsasən, katarakta, insult ölkəmizdə geniş yayılmış xəstəliklərdir. Sadaladığım xəstəliklərin heç biri ilə bağlı dövlət proqramı yoxdur. Ona görə də bu xəstəliklərin müayinəsini, müalicəsini ilkin səhiyyə paketinə daxil etməyi düşünürük. Ancaq "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı"na əsasən, bu xəstəliklərdən əziyyət çəkənlər dövlət tərəfindən təminat alırlar. Biz Səhiyyə Nazirliyi ilə bununla bağlı danışıqlara başlamışıq. İstəyirik ki, dövlət proqramlarına daxil olmayan xəstəlikləri ilkin xidmət paketinə daxil edək".

Z.Əliyev qeyd edib ki, paketin hazırlanması zamanı ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə, o cümlədən xəstəliklərin erkən aşkarlanmasına daha çox üstünlük veriləcək: "Çünki xəstəliklərin ağırlaşma həddi yüksəldikdə həmin xəstəliklərin müalicəsinə daha çox vəsait tələb olunur və dövlət proqramlarının hazırlanmasına zərurət yaranır. Halbuki tez aşkarlanan xəstəlikləri daha effektli müalicə etmək olur. Beləliklə də sonradan dövlət proqramlarına çox vəsait xərcləməkdənsə, ilkin müayinə və müalicələrə vəsait ayırmaqla əhalinin sağlamlığını mühafizə etmək olar".

Təxminən may ayının sonuna qədər təminata nələrin daxil olmasının müəyyənləşdiriləcəyini deyən Agenlik direktoru paketə xəstələrin dərmanlarla təchizatının təmin edilib-edilməyəcəyinə də aydınlıq gətirib: "Vətəndaşların səhiyyə xərclərinə baxdıqda, onun böyük hissəsini məhz dərman xərclərinin təşkil etdiyi məlum olur. Ona görə də ambulator xidmətdə kiçik də olsa, dərman təminatı verməyi düşünürük".

Z.Əliyev deyib ki, paketə çox vəsait tələb edən müayinələrin, əməliyyatların da daxil edilməsi nəzərdə tutulur: "Biz bu məsələyə baxırıq. Çalışacağıq ki, böyük məsrəf tələb edən əməliyyatları da paketə daxil edək".

Paketin vahid, yoxsa fərqli formalarda hazırlanacağına gəldikdə, o, qeyd edib ki, əsas məqsəd əhaliyə vahid paket təqdim etməkdir: "Agentliyin imkanları genişləndikcə paket də genişlənəcək və hamının həmin təminatdan bərabər istifadə edə bilmək hüququ olacaq".

Z.Əliyev bildirib ki, sistemin tətbiqindən sonra sığortalanan vətəndaş xəstəxanaya getdikdə bütün xidmətlərdən pulsuz istifadə edə bilməyəcək: "Amma Agentliyin maliyyə potensialı gücləndikcə xidmətlər paketini genişləndirəcək".

Direktor əlavə edib ki, prosesin ilkin gedişatında icbari tibbi sığorta yalnız müəyyən xəstəliklər üzrə tətbiq olunacaqsa, növbəti illərdə ölkədəki bütün tibbi xidmətlər icbari tibbi sığortanın hesabına göstərilə bilər: "Bizim gələcək üçün baxışımız və məqsədimiz də ondan ibarətdir ki, biz əhaliyə çox geniş təminat verək. Geniş təminat dedikdə, bütün səhiyyə xidmətlərini ehtiva edən xidmət paketinin təqdim edilməsini nəzərdə tuturuq".
Şərhlər
Sosial bölməsinin xəbərləri