Milli Məclisdə Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğvi məsələsi qaldırılıb

“Türkiyə və Azərbaycan arasında viza sistemi ya ləğv olunmalı, ya da vizada nəzərdə tutulan müddət uzadılmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Azərbaycan hökuməti ilə Rumıniya hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında sazişin təsdiq edilməsi barədə müzakirələrdə çıxışı zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S. Novruzov bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir: “Son hadisələr də bunu göstərdi ki, Türkiyə həmişə Azərbaycanı dəstəkləyir”.

S. Novruzov qeyd edib ki, xüsusən 3 aylıq vizadan Naxçıvan əhalisi əziyyət çəkir: “Türkiyədə işləyən Naxçıvan sakini 3 aydan bir Naxçıvana geri qayıtmalıdır. Belə çıxır ki, işlədiyini də yol xərcinə verməlidir. Heç olmasa, ilkin mərhələdə Naxçıvan sakinləri üçün bu viza sistemi ləğv olunmalıdır”.

Sədr Oqtay Əsədov isə bildirib ki, Türkiyə və Azərbaycan arasında viza məsələsi ilə bağlı iş gedir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri