Dövlət Departamenti: ABŞ qazı Avropada Azərbaycan qazına rəqib olmayacaq
- 06.05.2016, 23:31,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ qazı Avropa bazarında Azərbaycan qazına rəqib olmayacaq. Bunu Trend-ə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib.
Onun sözlərinə görə, Azərbaycan qazı Türkiyə və Avropaya nəql edəcək ki, bu da əhəmiyyətli tədarükdür: "ABŞ-ın Azərbaycan qazının tədarük olunacağı regiona öz qazını çatdırmaq imkanı yoxdur".
Dövlət Departamentinin rəsmisi qeyd edib ki, ABŞ-ın yalnız Litva, İspaniya və Portuqaliyaya qaz tədarük etmək imkanı ola bilər: "Buna görə də mən rəqabət görmürəm".
A.Hosktayn bildirib ki, gələcəkdə də Azərbaycan və ABŞ qazı arasında rəqabət olmayacaq, çünki artıq Azərbaycanın boru kəmərləri ilə Avropaya tədarük edəcəyi qazın alıcıları var: "Biz rəqib deyilik, biz tərəfdaşıq".
Qeyd edək ki, ABŞ ötən aydan Avropaya qaz ixracına başlayıb. Luiziana ştatından yola düşən ilk tanker Portuqaliyanın Siniş limanına aprelin 27-də çatıb.
Azərbaycanın "Şahdəniz" yatağından ilk qazın "Cənub Qaz Dəhlizi" üzrə Avropaya 2020-ci ildə çatdırılacağı gözlənilir.