İordaniyanın baş naziri: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İordaniyanın mövqeyi birmənalıdır, heç zaman dəyişməyəcək"
- 08.05.2016, 13:55,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Millət vəkili Qənirə Paşayeva Ammanda İordaniyanın baş naziri Abdullah Ensourla görüşüb.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov iştirak edib.
Q. Paşayeva görüş bildirib ki, İordaniya Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Millət vəkili İordaniya Senatının Xocalı soyqırımını tanıması, Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi Azərbaycan xalqının yüksək qiymətləndirdiyini nəzərə çatdırıb. Q. Paşayeva İordaniya baş nazirinə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları barədə geniş məlumat verib.
İordaniyanın baş naziri A. Ensou Azərbaycana prezidenti İlham Əliyevlə İstanbulda keçirilən beynəlxalq tədbir çərçivəsində görüşdüklərini və dost Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin daha da inkişaf etdirilməsinin ölkəsi üçün çox önəmli olduğunu söyləyib. Baş nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İordaniyanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini, hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını vurğulayıb.
Q. Paşayeva İordaniya baş nazirinə içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.