Heydər Əliyev Mərkəzi Milli Qurtuluş Günü münasibətilə maraqlı konsert təşkil edib
- 16.06.2013, 00:58,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 15-də Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş geniş konsert olub.
AzərTAc xəbər verir ki, konsertdən əvvəl iştirakçılar - dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm, mədəniyyət və incəsənət xadimləri Heydər Əliyev Mərkəzindəki "Azərbaycan inciləri" sərgisi ilə tanış olublar. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.
Mərkəzin "Mini Azərbaycan" sərgisini də konsertə gələnlər maraqla izləyiblər. Bu layihə Bakıdakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyev Muzeyi də tədbirin iştirakçılarında böyük maraq doğurmuşdur. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə Ümummilli lider Heydər Əliyevin həyat yolu maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır.
Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər də qonaqların marağına səbəb olub.
Sonra Milli Qurtuluş Gününə həsr edilmiş konsert oldu. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının ifasında Azərbaycan bəstəkarlarından Tofiq Quliyevin, Rauf Hacıyevin, Səid Rüstəmovun, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Sevil Əliyevanın və başqalarının əsərləri səslənib.
İncəsənət ustalarımızın ruh coşqunluğu ilə ifa etdikləri məhəbbət, vətən mövzulu mahnılar alqışlarla qarşılanıb.