Azərbaycanın ABŞ-dakı səfirliyində üç min amerikalıya ölkəmizlə bağlı məlumat verilib
- 09.05.2016, 12:28,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın paytaxtı Vaşinqtonda artıq ənənə halı almış “Dünya boyu Səfirliklərə Səyahət” adlı ictimai-mədəni tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Vaşinqtonun meriyası tərəfindən həyata keçirilən bu təşəbbüsdə Azərbaycanın ABŞ-dakı Səfirliyi ardıcıl olaraq 4 ildir ki, fəal surətdə iştirak edir.
Səfirlik mayın 7-də qapılarını üç minə yaxın Azərbaycan mədəniyyətinin amerikalı həvəskarlarının üzünə açıb. Azərbaycan səfirliyinin inzibati binasına təşrif buyurmuş çoxsaylı qonaqlara ölkəmizin milli mədəni irsi, füsunkar təbiəti və müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurları əks etdirən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş olunub. Eyni zamanda səfirliyin əməkdaşları gün ərzində ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənəsi və qonaqpərvər insanları haqqında məlumat verib və onların suallarını cavablandırıb.
Bundan əlavə, Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu Rəqs Kompaniyasının (Silk Road Dance Company) ifasında milli rəqslərimizin “Nəlbəki”, “Üzüm” və s. kimi nümunələri maraqla qarşılanıb. Səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil edilmiş və fotoşəkil çəkmək üçün “Qız qalası”nı əks etdirən maket də qurulub. Azərbaycan mətbəxini ən yaxşı şəkildə təcəssüm etdirən plov süfrəsi isə qonaqlarda heyranlıq hissi oyadıb.