Xələf Xələfov: "Azərbaycanın bütün resursları işğalın nəticələrinin aradan qaldırılmasına yönəlib”

“Hazırda Azərbaycanın bütün resursları işğalın nəticələrinin aradan qaldırılması, ərazi bütövlüyünün bərpa olunması istiqamətində mübarizəyə yönəlib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı çıxışında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur: “Məqsədləri də işğalın nəticələrini dünya birliyinə tanıtdırmaqdır. Mən 1992-ci ildə Helsinkidə qəbul olunmuş siyasi formatın yaradılmasına dair qərar barədə danışmaq istəyirəm. Bu münaqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Çünki bunun kökündə qonşu ölkənin Azərbaycana hərbi təcavüzü, dövlət səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları var. Mən bəzi məqamları da ilk dəfə açıqlayacağam. Çox təəssüf ki, Helsinkidə qərar qəbul edilən zaman bunu Dağlıq Qarabağ münaqişəsi adlandırdılar. Bu, ikili standart idi. Azərbaycan hakimiyyəti o dövrdə bunun qarşısını ala bilmədi. Əslində bu, Ermənistan və Azərbaycan arasında olan bir münaqişədir, bunun kökündə də Ermənistanın Azərbaycana hərbi təcavüzü, işğalı dayanır. Ermənistanın müstəqillik aktında da Dağlıq Qarabağın Ermənistana birləşməsinə istinad etmişdilər. Ermənistan dövlət kimi Qarabağa ərazi iddialarını ilk mərhələdə irəli sürmüşdü”.

X. Xələfov qeyd edib ki, 24 ildir ATƏT-in Minsk Qrupu bu prosesi aparır, amma bu müddət ərzində hər hansı təsirli addım atılmayıb. O, 1994-cü ildə atəşkəs sisteminin yaradıldığını söyləyib: “Amma Ermənistan dövri olaraq təxribat mexanizmindən istifadə edib. Danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iştirakı artan zaman təmas xəttində, sərhəddə geniş təxribatlar baş verir. Məqsəd odur ki, təcavüzün nəticələri möhkəmlənsin, işğal faktının beynəlxalq müstəvidə tanınmasına nail ola bilsinlər, işğal məsələsi arxa plana keçsin. Azərbaycanın 1994-cü ildən başlayaraq həyata keçirdiyi və işğalın nəticələrinin aradan qaldırılmasına yönələn siyasət həm milli, həm də beynəlxalq səviyyədə bu planın həyata keçməsinə imkan verməyib”.

X. Xələfovun sözlərinə görə, Avropa İttifaqı bu gün 1 milyon qaçqının qarşısında özünü itirib, ancaq Azərbaycan təkbaşına qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlib. O deyib ki, Ermənistanın aprel ayının əvvəlində ağır silahlardan istifadə etməkdə məqsədi yeni məcburi köçkün axını yaratmaq olub: “Bunun çox ağır nəticələri ola bilər. İnanıram ki, dünya birliyi, Avropa İttifaqı, dünyanın aparıcı dövlətləri bunun nəticələrini dərk edir. Ona görə də dünya birliyi atəşkəsin əldə edilməsinə nail olmağa çalışdı. Bu hadisələr zamanı təcavüzkar dövlətin əsl simasını gördülər. Azərbaycan o hadisələr zamanı birtərəfli atəşi dayandırdı, lakin Ermənistan itirilmiş mövqeləri qaytarmaq üçün hücuma keçdi. Fəxr edirəm ki, bu dəfə də Azərbaycan ordusu torpaqlarımızı, vətəndaşlarımızı qorudu. Atəşkəs nisbi də olsa, bərpa edildi. Mənə xarici ölkələrdə deyirlər ki, bu necə atəşkəsdir, gündə yüz dəfə pozulur? Biz torpaqlarımızı azad etmək üçün bütün imkanlardan istifadə edəcəyik”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Şərhlər
Siyasət bölməsinin xəbərləri