Azərbaycanda teleaparıcıya silahlı hücum
- 16.06.2013, 14:56,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın tanınmış teleaparıcısı İlham Mirzəyevə silahlı hücum olub. ANS-in məlumatına görə, teleaparıcı cümə günü axşam saatlarında çalışdığı Space kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən başqa bir avtomobildən 4 nəfər düşərək ona hücum edib. Tanınmamaq üçün üzlərini qrimləyən dəstə teleaparıcının özünü və ailəsini ölümlə hədələdikdən sonra sərbəst buraxıblar. İlham Mirzəyev hücum edən şəxslərin silahlı olduğunu deyib.
İlham Mirzəyev yaşadıqlarından şoka düşüb. Bu zaman yaxınlıqda olan şəxslər aparıcıya yardım göstəriblər. İlham Mirzəyevin köməyinə yetişənlər problemlərinin həlli üçün aparıcının müəllifi olduğu verilişə üz tutan şikayətçilər olublar. Həmin şikayətçilər teleaparıcıya dərdlərini söyləmək üçün onu telekanalın çıxışında gözləyirlərmiş və bu zaman hadisənin şahidi olublar.
Özünün və ailəsinin təhlükə altında olduğunu başa düşən İlham Mirzəyev hadisə ilə bağlı dünən səhər Nərimanov Rayon Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Teleaparıcı bununla yanaşı, ölkə başçısına, DİN-ə, Respublika Prokurorluğuna müraciət edərək özünün, həyat yoldaşının və iki azyaşlı uşağının təhlükəsizliyinin təmin edilməsini istəyib.
Qeyd edək ki, 47 yaşlı İlham Mirzəyevin 10 və 2 yaşlarında iki övladı var.
İlham Mirzəyevin peşə fəaliyyəti ilə bağlı, aparıcısı olduğu “Etibar edin” proqramına müraciət edən şikayətçiyə yardım etdiyi üçün təzyiqə məruz qaldığı bildirilir. Qarşı tərəf bundan qəzəblənərək teleaparıcını cəzalandırmağa qərar verib.
Aparıcının yaxınlarından aldığımız məlumata görə, hazırda ailədəkilər qorxu və təşviş içindədirlər və yaşadıqları evi tərk etməyə qorxurlar. Bir sözlə, ailə ev dustağına çevrilib.
Hüquq-mühafizə orqanlarına müraciət edən İlham Mirzəyev hələ bu barədə mətbuata açıqlama vermək istəmir. Köməkçisi onun ancaq bu sözlərini bizə çatdırdı: “İstintaq getdiyi üçün İlham danışmaq istəmir. Hələ gözləyirik. Bu yaxınlarda şəxsən özü açıqlama verəcək. Qanunlarımızın aliliyinə və yaşadığım dövlətin gücünə inanırıq. Qanunlarımızın aliyinə sığınıb, gözləyirik. İlham sadəcə ailəsinin təhlükəsizliyinə zəmanət istəyir".