Qarabağ atları Britaniya Kraliçası qarşısında öz məharətlərini nümayiş etdirib
- 16.05.2016, 10:25,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
London yaxınlığındakı Vindzor qəsrinin ərazisində keçirilən Kral Vindzor At Şousunun final mərhələsində Azərbaycanın “Qarabağ” cinsindən olan 15 atdan ibarət komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Kraliça II Yelizaveta qarşısında çıxış ediblər.
APA-nın məlumatına görə, 11-15 may tarixlərində keçirilən bu məftunedici şou Kraliçanın 90 illik yubileyinə həsr olunmuşdu. Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti adından Kraliça II Yelizavetaya respublikanın əməkdar rəssamı Sakit Məmmədovun rəsm əsəri xatirə hədiyyəsi edilib.
Azərbaycanın Kral Vindzor At Şousunda uğurla təmsil olunması Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib. Təşkilati işlərə musiqiçi və rəqqasların Londona səfərlərinin təşkili, atların çaparlarla birlikdə Vindzora çatdırılması, həmçinin, Azərbaycan mədəniyyəti pavilyonunun qurulması daxil idi. Atların Britaniyaya çatdırılması üçün düz 2 ay vaxt tələb olunub. Vindzorda Azərbaycanın milli folklorunu təcəssüm etdirən bir-birindən maraqlı rəqs nömrələri və musiqili tədbirlər keçirilib.Mədəniyyət pavilyonumuzu ziyarət edən yüzlərlə britaniyalı və xarici qonaqlar ölkəmizin zəngin mədəniyyəti haqqında müfəssəl məlumatlar əldə ediblər, ləziz mətbəximizdən dadaraq Azərbaycan qonaqpəvərliyinin şahidi olublar.
Tamaşa ərzində auditoriyanı ovsunlayan Qarabağ atları Kraliça II Yelizaveta da yaxşı təəssürat bağışlayıb. Atlara xüsusi rəğbət bəsləyən əlahəzrət Kraliça atların gözəlliyini və çaparların mükəmməl bacarıqlarını yüksək qiymətləndirib.
Tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin qonağı kimi iştirak edən, Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Lord Kilkluni bütün tamaşanı ümumi kontekstdə belə dəyərləndirib: “Mən bir neçə dəfə Azərbaycana səfər edib bu gözəl məmləkətin hər bir güşəsində olmuşam. Azərbaycan xalqının səmimi qonaqpərvərliyinin heyran qalmışam. Yeganə gedə bilmədiyim yer hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdır. Bu region haqlı olaraq Azərbaycan mədəniyyətinin beşiyi sayılır. Buna görə də ilk dəfə Qarabağ atlarını görmək mənim üçün xüsusilə böyük məna daşıyır. Təəssüf ki, bu, Dağlıq Qarabağın özündə deyil,burada Böyük Britaniyada baş verdi. Ümid edirəm ki, bir gün, mən eyni çıxışı Dağlıq Qarabağın özündə görə biləcəyəm.”
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter tədbirin yekun nəticələrinə dair münasibət bildirərək deyib ki, Vindzor Kral At Şousu Azərbaycan və Böyük Britaniya arasında olan münasibətləri gücləndirən daha bir əlamətdar hadisə kimi yadda qaldı. TEAS Qarabağ atlarının Vindzor At Şousunun iştirakı təşəbbüsünü irəli sürməklə müxtəlif mədəniyyətləri ortaq maraq dairəsində bir araya gətirmək bacarığını nümayiş etdirdi. Hazırda Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrindən erməni hərbi birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı təcavüz etdiyi bir vaxtda dünyaya Azərbaycanın zəngin mədəni və tarixi irsini nümayiş etdirmək üçün çox yaxşı imkandır. Atlara qarşı sevgi hər zaman sivil cəmiyyətin əlaməti olub və biz Azərbaycanın gələcəkdə də bu cür tədbirlərdə iştirak edəcəyinə ümid edirik.