Təhsil Nazirliyi TQDK-nın qəbul qaydalarında dəyişiklik olunmasına dair təkliflərini qəbul etməyib

Təhsil Nazirliyi TQDK-nın qəbul qaydalarında dəyişiklik olunmasına dair təkliflərini qəbul etməyibTəhsil Nazirliyi bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bəzi ixtisaslara qəbul qaydalarında dəyişiklərin edilməsi ilə bağlı təkliflərini qəbul etməyib.

TQDK-nın ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev APA-ya açıqlamasında deyib ki, bu il Azərbaycan və Rus bölməsi üzrə bəzi ixtisaslara birgə müsabiqənin keçirilməsi barədə Təhsil Nazirliyinə təklif edilib. Onun sözlərinə görə, keçən il Hüquq fakültəsinə Rus bölməsinin abituriyentləri 285 balla, Azərbaycan bölməsinin abituriyentləri isə 500-dən yuxarı balla qəbul olub: “Bu da uyğunsuzluq və abituriyentə qarşı haqsızlıqdır. Rus bölməsinin abituriyenti 285 balla Hüquq fakültəsinə qəbul olur, Azərbaycan bölməsinin ondan iki dəfə çox bal toplayan (490 bal) abituriyenti Hüquq fakültəsinə qəbul edilmir”.

Şöbə müdiri qeyd edib ki, bəzən Rus bölməsi üzrə müəyyən ixtisaslara az sayda abituriyent sənəd verir. Məsələn, hansısa ixtisas üzrə 15 yer ayrılırsa, ora 10 abituriyent müsabiqə şərtini ödəyir və nəticədə 5 yer boş qalır: “Azərbaycan bölməsində isə ayrılan yerlərə çox abituriyent qəbul olmaq istəyir, amma qəbul üçün yer olmur. Bu, müəyyən qədər Azərbaycan və Rus bölməsin arasında kiminsə haqqını digərinə vermək olur”.

N.Əliyev qeyd edib ki, bu və ya digər məsələlərlə bağlı Təhsil Nazirliyinə təklif edilmişdi. Təhsil Nazirliyinin TQDK-nın təkliflərini qəbul etmədiyini deyən şöbə müdiri əlavə edib ki, bu il yenə də Azərbaycan və Rus bölməsi üzrə qəbul-müsabiqə ayrılıqda aparılacaq. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycan üçün kadrların hazırlanmasıdırsa, bölmələr üzrə fərq olmamalıdır: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da hər hansı ixtisas üzrə qəbul planının ləğv edilməsini yox, bəzi ixtisaslar üzrə plan yerlərinin sayının azaldılmasını təklif edir. Bunlar əsasən, əmək bazarında tələbat az və müsabiqə vəziyyəti aşağı olan ixtisaslardır”.
Şərhlər
Sosial bölməsinin xəbərləri