AFFA “Xəzər Lənkəran”ın çempionata buraxılmamağının səbəbini açıqlayıb

AFFA “Xəzər Lənkəran”ın çempionata buraxılmamağının səbəbini açıqlayıb“Növbəti mövsümdə Premyer Liqada oynamaq üçün 8 kluba lisenziya verilib. Digər klubların isə problemi var”. Live.az-ın məlimatına görə, bu sözləri APA-ya açıqlamasında AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov deyib.


Bu gün AFFA-nın Lisenziya Komissiyasının keçirilən iclasında 2016/17 mövsümündə Topaz Premyer Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. Komissiya klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanaraq, “Xəzər Lənkəran” və “Rəvan” istisna olmaqla, Premyer Liqanın hazırkı iştirakçılarına növbəti mövsümdə də elitada oynamaq hüququ verib.


Həmçinin, I divizion təmsilçilərinin heç biri lisenziyanın tələblərinə cavab vermədiyi üçün onların yüksək liqadakı iştirakla bağlı istəkləri qəbul olunmayıb. Lakin lisenziyalaşdırma komissiyası həm “Xəzər Lənkəran” və “Rəvan”, həm də I diviziondan yüksək dəstəyə çıxmaq istəyən klublara güzəşt edərək, 14 gün əlavə vaxt verib.


Məsələ ilə bağlı münasibət bildirən Elçin Məmmədov klubların probleminin müxtəlif olduğunu deyib: “Bəzilərinin borc, bəzilərinin isə sənəd problemi var. Məsələn, “Xəzər Lənkəran”ın futbolçulara borcu var, bunu klubun rəsmisi Tuyqun Nadirov da təsdiqləyib. Bildirib ki, böyük məbləğdə borcları var. Qısası, vəziyyət çox pisdi. Premyer Liqada oynamaq üçün heç 10 klub yığılmadı. I divizion təmsilçilərinin borcu yoxdu, amma hansısa sənədlər çatışmır”.


Komissiya sədrinin sözlərinə görə, bəzi klublara problemi yoluna qoymaq üçün 14 gün bəs edər: “Hansı komandaların Premyer Liqaya buraxılacağı mayın 30-da açıqlanacaq. Bu həm də sənədləri vermək üçün sonuncu gündü. Komissiyamız qərara gəldi ki, əgər yetərsay olsa, AFFA İcraiyyə Komitəsinə (İK) yazılı hesabat veriləcək. Bundan sonra isə İK çempionatın neçə komanda ilə keçirilməsinə qərar verəcək. Yetərsayı doldurmaq üçün 1-2 klub cəlb oluna bilər. Ümid edirəm ki, 2 həftə ərzində klublar tələb olunan sənədləri təqdim edəcəklər. Onlara güzəşt olaraq, əlavə vaxt verilməyəcək. Əgər həmin vaxta kimi problemi yoluna qoymasalar, qərarla bağlı sonrakı 10 gün ərzində apellyasiya müraciəti edə bilərlər”.


Məmmədov hazırkı məqamda lisenziya tələblərinə cavab verməyən klubların problemi yoluna qoymaq şanslarını bərabər sayır: “Bəzisinin 5, bəzisinin isə 2 sənədi çatışmır. Amma ola bilər ki, 5 sənədi çatışmayan klub problemi daha tez həll etsin. Cari çempionat 10 komandanın iştirakı ilə keçirilir. Biz hesabatımızı verəcəyik. Əgər növbəti mövsüm üçün də 10 komanda qalsa, hansısa klublara xüsusi icazə verilə bilər”.


Komissiyanın rəhbəri ardıcıl 2-ci dəfə I divizionun qalibi olan “Neftçala”nın yenə lisenziya tələblərinə cavab verməməsinə də toxunub: “Neftçala” keçən mövsüm də Premyer Liqada oynamaq üçün lisenziya ala almamışdı. Bu klubun rəhbərliyi həmin qərardan sonra federasiyanın binasına gəlmişdi. Məsələni müzakirə etdik və qərarın haqlı olması ilə bağlı bizimlə razılaşdılar. Apellyasiya şikayəti etməməkləri də bunun təsdiqi idi. Yenə lisenziya tələblərinə cavab vermirlər. Digər klublar kimi, onlara da bu problemi yoluna qoymaq üçün 2 həftə vaxt verilib. Əgər hansısa klub bizdən narazıdısa, onlarla danışıb, problemi izah etməyə və dəstək olmağa hazıram”.
Şərhlər
İdman bölməsinin xəbərləri