“Formula 1” ərəfəsində Bakıya gəlmək istəyən turistlərə qarşı dələduzluq planlaşdıran kamerunlular tutulub
- 18.05.2016, 14:09,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili işlər orqanları tərəfindən insanların dələduzluq yolu ilə aldadılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasında yaşayan Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək tanımadığı şəxslərin onun etimadını qazanaraq 50000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 100 000 ABŞ dolları edəcəkləri adı altında aldararaq dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.
Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları – Alphonse Touani, Patrick Arnaud, Ziepop Maxime Valery və Armel Gaetandan ibarət dəstə zərərsizləşdirilib.
Saxlanılan şəxslər ifadələri zamanı ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı “Formula 1” idman yarışları ərəfəsində Bakı şəhərinə çoxlu turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər.
Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.