Türkiyənin yeni baş naziri bəlli oldu
- 22.05.2016, 19:51,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında partiyanın yeni sədri seçilib. ANS-in məlumatına görə, qurultay Bakı vaxtı ilə 11:00 “Ankara Arena”da başlayıb və səsvermə nəticəsində sədr postuna yeganə namizəd olan Binali Yıldırım AKP-nin yeni sədri seçilib. O, Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra partiyanın üçüncü sədri olub.
Yeni sədr B.Yıldırım idman arenasına saat 11:30-da daxil olaraq öz yerini tutub. Namizəd partiya üzvlərini “Ərdoğan mahnısı” ilə salamlayıb.
Qurultaya 6 min adam dəvət olunub. Qurultayda hazırkı baş nazir Əhməd Davudoğlu da çıxış edib.
Daha sonra səsvermə baş tutub və prosesdə 1470 nəfər nümayəndə səs verib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu istefasını mayın 5-də hakim Ədalət və İnkişaf Partiyasının fövqalədə qurultayında açıqlayıb. Əhməd Davudoğlu 22 mayda keçiriləcək qurultayda namizəd olmayacağını bildirib.
Baş nazirin bu barədə qərar verməsinə səbəb isə onun dövlət başçısı ilə arasında yaranmış anlaşılmazlıq olduğu deyilir. 20 aylıq baş nazir vəzifəsini icra edən Əhməd Davudoğlu ilə Rəcəb Tayyib Ərdoğan arasında bir neçə dəfə fikir ayrılıqları olsa da onlar bunu çox vaxt büruzə verməməyə çalışıblar.
Əhməd Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra 2014-cü ildə Davudoğlunu baş nazir vəzifəsinə təyin edib.
Baş nazir postuna 4 namizədin adı çəkilirdi - Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanırdı. Daha sonra məlum oldu ki, AKP-nin sədri və baş nazirin müavini postuna tək namizəd dənizçilik və kommunikasiya naziri Binali Yıldırımdır.