Biləsuvar şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılacaq

Biləsuvar şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılacaq Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, icrasına 2011-ci ilin sentyabrında başlanmış "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi"nə əsasən, Biləsuvar şəhərinə içməli su hazırda inşa edilən Şirvan-Muğan qrup su kəmərindən veriləcək. Şirvan-Muğan qrup su kəməri istismara verilənədək Biləsuvar şəhərində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri tam başa çatdırılacaq. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu 5 min kubmetr olan 2 ədəd su anbarı tikilir.

Layihəyə uyğun olaraq inşası nəzərdə tutulan 54,8 km magistral su xəttinin 30,3 km-lik hissəsi çəkilib. Şəhərin içməli su şəbəkəsinin tikintisi yekunlaşmaq ərəfəsindədir. Ümumi uzunluğu 110 km olan şəhərdaxili su şəbəkəsinin 106 km-lik hissəsi çəkilərək ünvanlara birləşmələr verilib.

Layihəyə əsasən, Biləsuvar şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılacaq. Bu məqsədlə inşa olunan 9,5 km uzunluğunda kanalizasiya kollektorunun 8,8 km-lik hissəsi çəkilib, 76,8 km kanalizasiya şəbəkəsi yaradılıb. Layihəyə əsasən, Biləsuvar şəhərində toplanacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcək.

İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə smart-kart tipli sayğacların quraşdırılması da davam etdirilir və indiyə qədər 5600 abunəçinin 2420-i sayğacla təmin olunub.

Hazırda Biləsuvar şəhərinə içməli su Əzizbəyov adına kanaldan qrafik əsasında verilir. Şəhərdə kanalizasiya sistemi mövcud deyil. Yeni layihənin icrası nəticəsində 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 26,2 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq. Layihə üzrə işlərin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Bununla yanaşı, Şirvan-Muğan qrup su kəmərinin tikintisi layihəsi çərçivəsində kəmərin marşrutu boyunca Biləsuvar rayonunun 23 kəndinə içməli su veriləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri