Azərbaycan prezidenti: "Beynəlxalq ictimaiyyət Ermənistanın nüvə təhdidinə reaksiya verməlidir"
- 23.05.2016, 15:42,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri 20 ildən çoxdur kağız üzərində qalıb. Lakin digər məsələlərlə bağlı qətnamələr gün və ya saatlar içərisində yerinə yetirilir”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib. O bildirib ki, belə hal Azərbaycan qarşı ikili standart siyasətidir: "Ermənistan bu qətnamələri yerinə yetirməlidir. Hazırda regionda digər böyük təhlükə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var. Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı - “çirkli bomba”sı var. Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır”.
Azərbaycan prezidenti Ermənistan işğalı nəticəsində evlərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq üçün ciddi işlər görüldüyünü söyləyib: “Azərbaycan bu məqsədlə 6 milyard dollar sərf edib. Qaçqın və məcburi köçkünlərin arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə düşüb. Son 12 ildə ölkədə ümumi yoxsulluq səviyyəsi 5 faizə endirilib”.
Dövlət başçısı Azərbaycanın oxşar problemlərlə üzləşən ölkələrə hər zaman yardım etdiyini vurğulayıb.