ABŞ Dövlət Departamenti Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıb

"ABŞ Azərbaycan Ali Məhkəməsinin tədqiqatçı jurnalist Xədicə İsmayılın şərti cəza ilə azad edilməsi barədə qərarını alqışlayır".

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

“Biz buna müsbət addım kimi baxırıq. Azərbaycan hökumətini X.İsmayılovaya qarşı qalan ittihamları da ləğv etməyə təşviq edirik. Azərbaycan söz azadlığı və siyasi fəaliyyət şəraitini genişləndirməyi davam etdirdikcə, bu yalnız Azərbaycanı və ikitərəfli münasibətlərimizi gücləndirəcək”, bəyanatda vurğulanır.

***

ABŞ Dövlət Departamenti Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayır.

APA-nın məlumatına görə, bunu gündəlik brifinqdə Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.

“Bu barədə məlumatımız var. Bununla əlaqədar Dövlət Departamenti müvafiq açıqlama verəcək. Biz bunu pozitiv addım kimi qiymətləndiririk. Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayırıq”, deyə jurnalistlərin sualını cavablandıran M.Toner bildirib.

Mayın 25-də Ali Məhkəmənin jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.

Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Bundan sonra Xədicə İsmayılovanın cəzası şərti hesab olunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri