Almaniyada keçirilmiş konsertdə "Sarı gəlin" erməni mahnısı kimi təqdim edilib
- 29.05.2016, 00:56,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mayın 21-də Almaniyanın Hannover şəhərində “Sarı gəlin” adı altında konsert proqramı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhər bələdiyyəsinin hamiliyi altında baş tutan konsertdə Suriyadan gəlmiş erməni mənşəli İbrahim Keyvo da çıxış edib. Gecədə ifa olunmuş Azərbaycan xalq mahnısı “Sarı gəlin” erməni mahnısı kimi təqdim olunub.
Bildirilib ki, folklor nümunələrinin qorunması haqqında Azərbaycan xüsusi Qanun qəbul edib: “Həmin Qanuna əsasən xarici ölkə vətəndaşları Azərbaycan folklorundan, o cümlədən folklorun tərkib hissəsi olan xalq mahnılarından kommersiya məqsədləri ilə istifadə etmək üçün Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən icazə almalı və qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidir. Tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevin Müəllif Hüquqları Agentliyinə təqdim etdiyi Ekspert Rəyində bildirilir ki, "Sarı gəlin" mahnısı "Şur" məqamında yazılıb. "Şur" məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə "Sarı gəlin" uzun havadır. "Uzun hava" türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını "Şur" muğamının "Şur-Şahnaz" şöbəsinə edilən modulyasiya icra edir. "Şur-Şahnaz" ancaq Azərbaycanda təşəkkül tapmış "Şur" dəstgahının əsas şöbələrindən biridir. Beləliklə, "Sarı gəlin" azəri türklərinə məxsus olan qədim xalq mahnısıdır. Bu mahnını bütün türk xalqları, hətta ermənilər də ifa edirlər. Lakin "Sarı gəlin"i ermənilərin ifa etməsi onun erməni mahnısı olması demək deyil. “Sarı gəlin” mahnısının etimologiyası da onun türk köklü mahnı olmasını sübut edir. "Sarı gəlin" sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası vardır. Azərbaycan dilində "gəlin" sözü "gəlmək" felindən yaranmışdır, "sarı" isə "bizə doğru", deməli, "bizə doğru gələn gəlin" deməkdir”.
Qeyd olunub ki, mütəxəssislərin fikrincə, "Sarı gəlin" xalq mahnısının ən azı bir neçə yüz illər tarixi var: “İntonasiyasına görə mahnı 3-4 notun üzərində qurulub. “Sarı gəlin” mahnısının erməniləşdirilməsi ilə bağlı bir sıra məqalə, ekspert rəyləri və bəyannamələr Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən dərc olunub, hətta mahnının özünkiləşdirməsi ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına öz etirazını göndərib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilin 11 iyun tarixində Almaniyanın Hildeshaymdə və 25 iyun tarixində Bremerhavendə “Sarı gəlin” adlı konsertlərin keçiriləcəyinə etirazını bildirir və bu məsələdə son dərəcə həssas, diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir”.