Gömrük Komitəsi avtomobillərin idxalının azaldılması səbəblərini açıqlayıb

Azərbaycana avtomobillərin idxalının azaldılması ölkənin avtomobil bazarındakı vəziyyətlə əlaqədardır. Trend-in məlumatına görə, bunu cümə günü Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) üzvləri ilə görüşdə deyib.

2012-ci ildə avtomobillərin idxalının artımı təkrar bazarda onların satışı ilə bağlı problemlər yaradıb. Onun sözlərinə görə, DGK avtomobillərin idxalına mənfi təsir edə biləcək fəaliyyət aparmayıb və aparmayacaq.

Əliyev görüşdə DGK-nın fəaliyyəti barədə də ətraflı məlumat verib.

"DGK yeni Gömrük Məcəlləsi ilə əlaqədar 59 normativ aktı yeniləməlidir və hazırda bu işin 70 faizi yerinə yetirilib. "Gömrük tarifi haqqında" qanun layihəsi hazırda Milli Məclisin komitələri tərəfindən nəzərdən keçirilir", - Əliyev deyib.

DGK sədri dövlət qurumlarının özəl sektorla sıx təmasının qurulması məqsədilə CEIBC çərçivəsində belə görüşlərin keçirilməsinin zəruriliyini qeyd edib.

Aydın Əliyev CEIBC-nin üzv şirkətlərinə gömrük qanunvericiliyində yeniliklər və dəyişikliklər, onun əsas inkişaf yolları və normativ-hüquqi aktların tələbləri barədə məlumat verib. Bununla yanaşı, beynəlxalq ticarət dövriyyəsində malların gömrük sərhədlərindən keçirilməsi zamanı gömrük nəzarətinin rasional prosedur və formalarının tətbiqi məsələlərinə toxunub. DGK sədri "bir pəncərə" prinsipinin tətbiqi, habelə yeni texnologiyalardan geniş istifadə və "elektron gömrüy"ün inkişafı məsələlərini xüsusilə qeyd edib.

İclasda məqsədi beynəlxalq ticarətə dəstək olan gömrük tənzimlənməsinin müasir alətlərinin istifadəsi məsələləri də nəzərdən keçirilib.

Tədbir və təqdimat zamanı beynəlxalq ticarətin həyata keçirilməsi zamanı etibarlılığı və səmərəliliyi artırmaq məqsədilə özəl və dövlət sektorları arasında tərəfdaşlıq məsələlərinə toxunulub.

İclasda DGK-nın struktur bölmələrinin fəaliyyəti barədə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Şahin Bağırov, DGK-nın Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev və DGK-nin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov məlumat veriblər.

Aydın Əliyev bəyan edib ki, hər gün DGK-nın rəsmi saytında öz elektron poçtunu yoxlayır və özəl sektorun nümayəndələri problemləri və təklifləri ilə bağlı bilavasitə ona müraciət edə bilərlər.

İclasda çıxış edən CEIBC-nin icraçı direktoru Telman Əliyev deyib ki, Azərbaycan Prezidenti, CEIBC-nin sədri İlham Əliyev bu yaxınlarda regionların inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinin nəticələrinə həsr edilmiş tədbirdə çıxışı zamanı biznes-hakimiyyət dialoqunun fəallaşmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, biznes nümayəndələrinin təklif və problemlərini müzakirə etmək üçün CEIBC nazirlər, dövlət komitələri və dövlət agentlərinin sədrlərinin Azərbaycanda işləyən iri, orta və kiçik biznes şirkətlərinin rəhbərləri ilə silsilə görüşlərinin təşkilini davam etdirəcək.

Telman Əliyev CEIBC haqqında məlumat verib. Onun sözlərinə görə, CEIBC "Caspian Energy International Media Group"un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda işləyən iri neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradılıb.

CEIBC dünyanın 50 ölkəsində işləyir, dövlət strukturları və özəl sektor arasında dialoqa yardım istiqamətində fəal iş aparır.

"CEIBC-nin unikallığı ondan ibarətdir ki, şirkətlər bizim tədbirlərimiz çərçivəsində dövlət strukturlarının nümayəndələri ilə problemlərini özləri həll edirlər, həmçinin biznes üzrə tərəfdaşlar tapmaq imkanına malikdirlər", - Telman Əliyev qeyd edib.

İclasda Aydın Əliyevə CEIBC-nin fəxri üzvü sertifikatı təqdim edilib. Həmçinin, CEIBC-nin yeni üzv şirkətlərinə sertifikatlar verilib.

CEIBC-də baş tutan görüşdə, habelə şirkət rəhbərləri, Latviya, Rumıniya, Moldova səfriləri, Böyük Britaniya, İtaliya, Türkiyə, Almaniya, Bolqarıstan və digər ölkələrin diplomatik qurumlarının nümayəndələri iştirak ediblər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri