"NATO ilə əməkdaşlıq Azərbaycanın hərbi-təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində mühüm rol oynayır"
Xarici işlər naziri Elmar Məmmədyarov 31 may 2016-cı il tarixində NATO-nun mənzil-qərargahında keçirilən Azərbaycan-NATO iclası çərçivəsində təşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və NATO üzv dövlətləri arasında Sülh Naminə Tərəfdaşlıq üzrə Çərçivə Sənədi və Avro-Atlantik Tərəfdaşlıq Şurasının Əsas Sənədi əsasında siyasi və hərbi əməkdaşlığın inkişaf etdiyini söyləyərək Azərbaycanın fəal surətdə NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlarında iştirak etdiyini xatırladıb.
NATO ilə əməkdaşlığın Azərbaycanın hərbi-təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində mühüm rol oynadığını deyən E. Məmmədyarov Azərbaycan zabitlərinin bu gün alyansın qərargahlarında da xidmət etdiyini bildirib.
Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün NATO ölkələri ilə birlikdə Kosovo əməliyyatına (KFOR) və Əfqanıstanda İSAF və Qətiyyətli Dəstək missiyalarına töhfə verdiyini diqqətə çatdıran nazir Azərbaycanın Əfqanıstanla ikitərəfli əsasda da əlaqələrinin inkişafı barədə məlumat verib. O, bir çox NATO üzv dövlətləri ilə birlikdə Azərbaycanın TANAP və TAP qaz kəməri layihələrini icra etdiyini və NATO-da Azərbaycanın sədrlik etdiyi işçi qrup çərçivəsində xüsusi əhəmiyyətli infrastrukturun qorunmasına dair müntəzəm seminarların praktiki əhəmiyyətini vurğulayıb.
Cənubi Qafqaz regionundakı vəziyyətdən danışan E. Məmmədyarovun sözlərinə görə, 20 ildən artıq dövr ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub, 20 faiz əraziləri Ermənistanın işğalı altındadır və işğal olunmuş ərazilərdə əhali qanlı etnik təmizləməyə məruz qalıb. Ermənistanın təhriki və təxribatı ilə cəbhə xəttində baş vermiş son gərginlik barədə ətraflı danışan nazir işğal faktına əsaslanan status-kvonun gərginlik mənbəyi olmaqda davam etdiyini nəzərə çatdırıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız və qəbuledilməz saydığını deyən E. Məmmədyarov bəyan edib ki, status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır: “16 may tarixində Vyanada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi. İyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədilə başqa bir görüşün keçiriləcəyini gözləyirik”.
Ermənistanın Azərbaycanı “çirkli" bombalarla hədələməsi, kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalar əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi barədə məlumat verən xarici işlər naziri rəsmi Yerevanın danışıqlar prosesinə yenə də xələl vurmaq siyasəti yürütdüyünü bildirib. O, Ermənistanın BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun olaraq, digər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət göstərmək və ona qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək kimi öhdəliklər götürdüyünü xatırladaraq, rəsmi Bakının Ermənistandan məhz buna əməl etməyi və beynəlxalq ictimaiyyətdən də bunu tələb etməyi gözlədiyini vurğulayıb.
Nazir NATO-nun öz zirvə toplantılarının yekun bəyanatlarında bu məsələyə münasibətdə ifadə olunan qəti və ardıcıl mövqeyin yüksək qiymətləndirildiyini də deyib.
E. Məmmədyarov yekunda NATO dövlətləri nümayəndələrinin suallarını cavablandırıb.