Prezident İlham Əliyev: Serj Sarkisyan yalan danışmaqda Ginnesin rekordlar kitabına düşə bilər

Serj Sarkisyan mayın 31-də Astanada Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edərkən 4 dəfə yalan danışıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib: "Hamı bilir ki, aprel döyüşlərinin nəticəsi nədir: "Və çox təəcüblüdür ki, Ermənistan rəhbərliyi bu situasiyada çalışır ki, dünyanı aldatsın. Öz xalqını çalışır ki, aldatsın, daha sonra dünya ictimaiyyətini. İndi isə nəticə etibarilə özünü gülünc vəziyyətə qoyub. Gah deyirdilər ki, onlar heç bir torpaq itirməyiblər, gah deyirdilər onlar əksinə Azərbaycan torpaqlarını zəbt ediblər, gah deyirdilər ki, onlar qələbə qazanıblar, sonra deyirdilər ki, bu torpaqları itiriblər, əhəmiyyəti yoxdur. Sonra deyirdilər ki, əhəmiyyəti var, Azərbaycan bu torpaqları qaytarsın. Əgər əhəmiyyəti yoxdursa, Azərbaycan onda niyə qaytarmalıdır? Yəni tamamilə özlərini itiriblər. Gülünc ifadələrlə özlərini ifşa ediblər. Və bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Astanada Ali Avrasiya İqtisadi Şurasının zirvə görüşündə ifadə etdi. Təxminən onun sözləri bundan ibarət idi ki, Azərbaycan apreldə bu əməlləri edib, "Dağlıq Qarabağ" ordusu vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bax bu cümlədə bu adam 4 dəfə yalan danışıb".

Prezident sonra deyib: "Birincisi, aprel döyüşlərini törədən Ermənistandır. Nəyə görə, bunu da mən artıq demişəm, qısaca olaraq bir də qeyd edirəm. Ona görə ki, Ermənistan sülh istəmir. Görəndə ki, onlara təzyiq artır, məsələ sülh yolu ilə həll olunsun, status-kvo dəyişməlidir, status-kvo dəyişməsi işğalçı qoşunların torpaqlardan çıxarılması deməkdir, təxribatlara əl atdılar. Və aprel döyüşləri ərəfəsində də bizim mövqelərimizə hücumlar edirdilər, hətta təmas xəttində deyil, başqa istiqamətdə də, Qazax bölgəsində də bizim bir hərbçimiz həlak olub. Daim bizim kəndləri atəşə tuturdular, bizim bölgələrimizə hücum edirdilər. 2014-cü ildə də təxribat törətmişdilər. Mövqelərimizə hərbi helikopterlərlə hücum etmişdilər. Onu vurduq, ondan sonra bundan bəhanə kimi istifadə etdilər. Bundan sonra danışıqlar bir il donduruldu. Yəni görəndə ki, onlara təzyiq artır, daim təxribatlara əl atırlar. Aprel döyüşləri də bu sıradan olan təxribat idi. Azərbaycan ordusu onlara layiqli cavab verdi, düşməni yerinə oturtdu. Yəni bu birinci yalan".

İlham Əliyev sonra vurğulayıb: "İkinci yalan deyir ki, "Daqlıq Qarabağ" ordusu vəziyyəti nəzarət altına alıb. Bu necə nəzarətdir ki, özləri etiraf edirlər ki, 800 hektar torpağı itiriblər. Bu çox qəribə bir nəzarətdir. Birincisi onu deməliyəm ki, 800 hektar deyil, 2000-dən çox hektar toprağı Azərbaycan ordusu işğalçılardan azad edib. Ağdərə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi, Füzuli və Cəbaryıl rayonlarında 2000-dən çox hektar ərazi işğalçılardan azad edilib. Ondan bir neçə dəfə böyük əraziyə hazırda Azərbaycan ordusu nəzarət edir o ərazidə erməni ordusu tərpənə bilmir. Üçüncü yalan odur ki, "Dağlıq Qarabağ" ordusu yoxdur. Bu bir mifdir, mifologiyadır, beynəlxalq ictimaiyyəti çaşdırmaqdır".

Dövlət başçısı sonra deyib ki, Dağlıq Qarabağda erməni silahlı birləşmələri çərçivəsində xidmət edən hərbçilər Ermənistan vətəndaşlarıdır: "Onların 80 faizi Ermənistan vətəndaşlarıdır. Ermənistanın "Dağlıq Qarabağ" ordusu mifologiyadır. Dördüncü yalan isə ondan ibarətdir ki, guya Azərbaycan Rusiyadan xahiş edib ki, bu döyüşlər dayandırılsın. Bu yalandır, Azərbaycan belə bir xahiş etməyib. Bu toqquşma baş verəndən sonra Azərbaycan əks-hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Ondan sonra hələ 2-3 gün Ermənistan ordusu çalışıb ki, o mövqeləri geri götürsün. Görəndə ki, buna nail ola bilmir, itkilər verir, əgər dayanmasa daha da böyük torpaqlar itirəcək, Rusiyaya müraciət etdilər. Rusiya baş qərargah rəisi bizim baş qərargah rəisinə zəng etdi dedi ki, Ermənistan xahiş edir ki, atəşkəs bərpa edilsin. Və bizim baş qərargah rəisini Moskvaya danışıqlara dəvət etdi. Ondan sonra Rusiya prezidenti mənə zəng etdi. Eyni təkliflə ki, atəş dayandırılsın və qərara gəldik ki, aprelin 5-də atəş dayandırılsın. Yəni budur reallıq və bir cümlədə 4 dəfə yalan danışan ikinci prezident mən tanımıram. Bu mütləq Ginnesin rekordlar kitabına salınmalıdır. Amma antirekord kimi. Heç olmasa hansısa bir sahədə Ermənistan birinciliyi dünyada əldə etsin. Aprel döyüşləri bir daha Azərbaycanın qüdrətini, ordumuzun gücünü göstərdi. Xahiş edirəm ki, bütün dünya azərbaycanlıları tərəfindən bizim qəhrəman hərbçilərimizi salamlayaq".
Şərhlər
Siyasət bölməsinin xəbərləri