Şəkidə regional perinatal mərkəz fəaliyyətə başlayıb

Şəki Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki doğum evinin bazasında yaradılmış Regional Perinatal Mərkəzin açılışı olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mərkəzin açılış mərasimində nazir Oqtay Şirəliyev, şəhər rəhbərliyi, mərkəzin həkim və orta tibb işçiləri iştirak ediblər.



Mərkəz prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Ana və uşaqların sağlamlıqlarının qorunmasına dair tədbirlər Proqramı”na uyğun olaraq təşkil olunub. 1985-ci ildən fəaliyyət göstərən bu binada 2011-ci ildən əsaslı təmir işlərinə başlanıb. Dünya standartlarının tələblərinə cavab verən ən müasir tibb avadanlığı ilə təchiz edilmiş mərkəzdə hamiləliyin patologiyası, anesteziologiya və reanimasiya, yeni doğulmuşların intensiv terapiyası, məsləhət və digər şöbələr fəaliyyət göstərir. Mərkəzdə çalışan mama-ginekoloq, həkim və orta tibb işçiləri Türkiyənin qabaqcıl xəstəxanalarında ixtisaslarını artırmış mütəxəssislərdir. Mərkəz 9 rayonun əhalisinə xidmət göstərəcək.



Mərkəzin binası ilə yaxından tanış olan nazir O.Şirəliyev kollektivə tapşırıq və tövsiyələrini verib.
Şərhlər
Sosial bölməsinin xəbərləri