Ötən il Azərbaycanda mindən çox insanda sui-qəsd xarakterli zəhərlənmə qeydə alınıb
- 08.06.2016, 12:43,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2015-i ildə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2462 xəstə qəbul olunub.
APA-nın xəbərinə gör, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, 2014-cü illə müqayisədə qəbul olunmuş xəstələrin sayı 27 nəfər çox olub. O deyib ki, xəstələr arasında qəsdlə olmayan və məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr isə 1030 nəfər təşkil edib: “Daxil olan xəstələrin əsas qrupu “dərman zəhərlənməsi” diaqnozu ilə qəbul edilənlərdir. Onların sayı 823 nəfər (33,4%) olub. “Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr” diaqnozu ilə daxil olan xəstələrin sayı 502 nəfər (20,4%), “yandırıcı məhlullardan zəhərlənmə” diaqnozu daxil olan xəstələrin sayı 350 nəfər (14,2%) təşkil edib. Daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar (740 nəfər və ya 30,1%). Xəstəxanaya qəbul edilmiş 15 yaşına kimi uşaqların sayı 419 nəfər (17%) olub”.
A. Maqsudov qeyd edib ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsi Səhiyyə Nazirliyinin əmrinə əsasən 1982-ci ildən fəaliyyət göstərir. Onun sözlərinə görə, şöbənin əsas vəzifələri kəskin zəhərlənmiş və onun nəticəsində vəziyyəti ağırlaşmış xəstələrin müalicəsi və reabilitasiyası, aktiv detoksikasiya üsulları tələb edən, endogen intoksikasiyalı xəstələrin müalicəsi, şəhərin və respublikanın müalicə-profilaktika müəssisələrinə mütəxəssis məsləhətlərinin verilməsi və operativ köməklik göstərməkdən ibarətdir.