Lənkəranda mal-qara oğurluğu ilə məşğul olan rayon sakinləri tutulub

Azərbaycanın Lənkəran rayonu ərazisində mal-qara oğurluğu ilə məşğul olan şəxslər ifşa olunub.


Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Əliağa Hüseynovun APA-ya verdiyi məlumata görə, bu, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri sayəsində mümkün olub. Belə ki, rayonun Şovu kənd sakini, 1969-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rasim Nəcəf oğlu Babayevlə onun yeznəsi və həmkəndlisi, 1988-ci il təvəllüdlü Elçin Safəddin oğlu Babayev şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib. İlkin araşdırmalardan məlum olub ki, saxlanılan şəxslər rayonun Siyobili kənd ərazisində yerləşən meşə zolağından ayrı-ayrı vaxtlarda kənd sakinlərinə məxsus 17 baş iri buynuzlu mal-qaranı oğurlayaraq, qonşu Masallı rayonunda satıblar. Nəticədə əhaliyə ümumilikdə 15.000 manat dəyərində maddi ziyan vurulub.



İstintaqa ifadəsində Rasim Babayev törətdiyi əməli etiraf etsə də, bundan peşman olmadığını bildirib.



Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177.2.4 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri