İmişliyə yumurta boyda dolu yağdı

Bu gün İmişli rayonuna yağan dolu təsərrüfatlara ciddi ziyan vurub.

ANS-in məlumatına görə, saat 2 radələrində başlayaraq 10 dəqiqə ərzində yağan dolu əsasən pomidor, xiyar,cuğundur və yonca sahələrinə ciddi zərər yetirib.

Dolu rayonun Aranlı, Hacırustəmli, Qulibəyli, Xəlfəli və Qızılkənd kəndlərindəki şəxsi təsərrüfatlara ziyan vurub. Bostan əkinləri ziyan çəkib. Hazırda rayon Icra Hakimiyyətinin nümayəndələri dəymiş zərərin miqyasını müəyyənləşdirir.

Qızılkənd sakini Vuqar Məmmədovun ANS-ə verdiyi acıqlamada yağan dolunun yumurta boyda olduğunu qeyd edib. Kənd sakinləri bəzi evlərin şüşəsini sındırdığını bildirib. Həmçinin bəzi evlərin dam örtüyü zədələnib.

"Təxminən 10 dəqiqə ərzində yağan dolu kənd təsərrufatımıza ciddi ziyan vurub. Yağan dolu yumurta boyda idi, Evimizin şüşəsini də sındırıb. Hazırda icra nümayəndələri dəyən ziyanın miqdarını hesablayır. Fövqəladə Hallar Nazirliyindən gəliblər", - deyə Qızılkənd sakini Vuqar Məmmədov bildirib.

Son günlər ölkəmizdə hava tez-tez dəyişir. İyunun yay ayı olmasına baxmayaraq arabir yağış da yağır, dolu da düşür. Ötən gün Şəki həmçinin Tovuzun Əlibəyli kəndinə dolu yağaraq bir sıra fəsadlar törədib. Bəzi kənd təsərrüfatı məhsullarına ziyan dəyib. Kənd sakinləri təxminən iyirmi dəqiqə müddətində Əlibəyliyə buz parçalarının yağdığının şahidi olublar. Təbiət hadisəsi əsasən sakinlərin həyətyanı sahələrdə əkdiyi kartof, lobya və pomidora ziyan vurub. Yeni əkilən qarğıdalı, xiyar, kələm sahələri də ziyan görüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri