Ermənistandan Rusiya XİN-ə sərt reaksiya: "Özlərinə, öz abidə və tarixlərinə baxsınlar"
- 11.06.2016, 16:09,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qaregin Njdenin İrəvanda abidəsi qoyulub, çünki o, həqiqətən erməni xalqının milli qəhrəmanıdır”.
APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasına münasibət bildirərkən deyib.
“Aleksandr Nevski, Alekandr Suvarov, marşal Kutuzov, Baqration qardaş rus xalqının milli qəhrəmanı olduğu kimi, Njde də erməni xalqının milli qəhrəmanıdır”, - deyə o qeyd edib.
Hakim Respublikaçılar Partiyasından olan deputat Marqarita Yesayan isə M. Zaxarovanın açıqlamasına daha sərt reaksiya verib. O bildirib ki, Ermənistanın özünün qəhrəmanları, tarixi var və kimin abidəsini harada və nə zaman qoymaq Ermənistan Respublikasının öz işidir: “İstənilən məmur tərəfindən verilən istənilən açıqlama qəbuledilməzdir. Qoy özlərinə, öz abidə və tarixlərinə baxsınlar. Öz tariximizin sahibi yalnız biz özümüzük”.
Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə İrəvanda Qaregin Njdenin abidəsinin qoyulmasının Rusiya üçün anlaşılan olmadığını açıqlayıb.
Qeyd edək ki, 2014-cü ildə BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. Ermənistan həmin qətnamənin lehinə səs verib. Bu il mayın 28-də isə İrəvanda III Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Qaregin Njdenin abidəsinin açılışı olub.
Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər də iştirak ediblər.