«Azərbaycan Dəmir Yolları» gücləndirilmiş iş rejiminə keçib

«Azərbaycan Dəmir Yolları» gücləndirilmiş iş rejiminə keçib «Azərbaycan Dəmir Yolları» QSC-nin kollektivi havaların isti keçməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə APA-nın QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.



Onun sözlərinə görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır: «İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə – yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir».



N.Əzməmmədov həmçinin bildirib ki, Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, beynəlxalq və ekspress tipli qatarlarda yolboyu sərnişinlərə sərinləşdirici içkilər təklif olunur. Eyni zamanda, vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri