Cahangir Hacıyevin həyat yoldaşının həbsi xəbərinə fərqli reaksiyalar

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində həbs-qətimkan tədbiri seçildiyi barədə “Bastainfo” saytı məlumat yayıb. Saytın xəbərinə görə, Zamirə Hacıyevanın həbs olunması barədə qərar Nərimanov Rayon Məhkəməsində iyunun 1-də çıxarılıb. Xəbərdə bildirilir ki, Z. Hacıyeva korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub. Sözügedən məhkəmə qərarının surəti də məlumata əlavə edilib.

Cahangir Hacıyevin vəkili Aqil Layıcov deyir ki, Z.Hacıyeva barəsində çıxarılmış məhkəmə qərarı formal xarakter daşıyır. O bildirib ki, qərarın əsaslandırıcı hissəsində qeyd edilib ki, guya Z. Hacıyeva istintaqdan qaçıb gizlənib: "Zamirə Hacıyeva on ildən artıqdır, xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Buna görə də həmin qərar formal xarakterlidir. Qərarda onun vəkili kimi adı qeyd olunan şəxs də heç vaxt Zamirə Hacıyevanın vəkili olmayıb, onunla heç bir əlaqəsi yoxdur".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Lent.az-a bildirib ki, Z.Hacıyevanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı KİV-lərdə gedən xəbərlər həqiqəti əks-etdirmir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri