Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir
- 14.06.2016, 10:09,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycanda 2015/2016-cı dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, cari tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirir. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunur.
Formula-1 yarışı ilə əlaqədar Təhsil Nazirliyinin razılığı ilə Bakının bəzi məktəblərində "Son zəng" tədbirlərinin vaxtı dəyişdirilib. “Son zəng” tədbirləri Bakıdakı 160 nömrəli Klassik Gimnaziya, 6, 7 nömrəli tam orta məktəblər və 132-134 saylı təhsil kompleksində iyunun 13-də keçirilib. Buna səbəb Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə bağlı iyunun 14-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinin tamamilə bağlanmasıdır.
“Son zəng” günü Bakının bütün orta məktəbləri polis nəzarətində olacaq. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında deyib ki, son zənglə əlaqədar iyunun 14-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq.
APA-nın əldə etdiyi məlumata görə, məktəbi bitirən məzunlar Dənizkənarı Milli Parka buraxılmayacaq. Belə ki, bu gün Bakı şəhərində keçiriləcək "Formula-1" üzrə Avropa Qran Pri yarışlarının test mərhələsi olacaq.
Qeyd edək ki, bu ildən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.