Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmamasından təəssüflənirlər

Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmamasından təəssüflənirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ münaqişə tərəflərinin danışıqlar prosesi zamanı problemin həlli yolunu tapa bilmədiyinə görə dərin təəssüf hissi keçirirlər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.



Rusiya, ABŞ və Fransa prezidentləri Vladimir Putin, Barak Obama və Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatında bildirilir: "Biz tərəflərin danışıqlar prosesi zamanı qarşılıqlı maraqlara əsaslanan qərar tapmaq əvəzinə, birtərəfli fayda əldə etmək cəhdlərini davam etdirmələrindən dərin təəssüf hissi keçiririk".



Sənəddə vurğulanır: "Əminik ki, hərtərəfli sülh nizamlanmasına aparan balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasında sonrakı ləngimə qəbuledilməzdir və Ermənistan və Azərbaycan liderlərini yenilənən enerji ilə əsas diqqəti hələ də açıq qalan məsələlərin həllinə yönəltməyə çağırırıq".
Prezidentlər əmin olduqlarını bildiriblər ki, son dörd il ərzində bu məsələ ilə bağlı onlar tərəfindən verilən bəyanatlar "Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı nizamlanması üçün əsas olmalıdır". Üç ölkənin liderlərinin fikrincə, "bu vəziyyətə vahid məqsədlə baxmaq lazımdır. Çünki onlardan birini digərindən üstün tutmaq üçün istənilən cəhd balanslaşdırılmış həllin qəbulu imkanını istisna edir".



Birgə bəyanatda bildirilir: "Biz bütün tərəflərin rəhbərlərini, xüsusilə də güc tətbiq etməmə və ya güc tətbiqi təhlükəsi, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratını təyin etmə hüququ prinsipləri daxil olmaqla, Helsinki prinsiplərinə bir daha sadiq olduqlarını təsdiqləməyə çağırırıq".
Şərhlər
Siyasət bölməsinin xəbərləri