"Formula 1" Avropa Qran Prisinin kuboku ictimaiyyətə təqdim olundu
- 21.06.2016, 11:27,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycanda ilk dəfə keçirilən "2016 Formula 1" Avropa Qran Prisindən sonra yarışın rəsmi kubokunu ictimaiyyətə təqdim etdi.
İyunun 19-da dünyanın ən məşhur pilotlarının Odlar Yurduna - Azərbaycana gəlişi ilə "Formula 1" təqvimindəki ən yeni şəhər trekində möhtəşəm yarış baş tutdu.
Bakı öz zəngin irsinə sadiq qalaraq yüksək sürətlə inkişaf edən bir şəhərdir. "2016 Formula 1" Avropa Qran Prisinin kuboku özündə dünyanın ən prestijli və həyəcanlı idman yarışına ev sahibliyi edən Bakını köhnə ilə yeniliyin, müasirliklə qədimliyin vəhdəti fonunda əks etdirir.
Kubok Bakını YUNESKO-nun mədəni irsi siyahısına salınmış möhtəşəm İçərişəhərlə, həmçinin "Şərqin Parisi" kimi təsvir edilən bu şəhərə təkrarolunmaz rəng qatan yüksək dizayn keyfiyyətinə sahib geyim mağazaları, gözəl restoran və barlar, həmçinin mürəkkəb memarlıq nümunələri ilə əhatələnmiş mərkəzi küçələri ilə təsvir edir.
Bütün sadalanan amillər Bakıda keçirilən ilk "Formula 1" yarışı üçün saf gümüşdən hazırlanmış dörd kubokun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) dizaynında istifadə olunub.
Kubokun dizaynı öndən baxdıqda Azərbaycanın rəmzi sayılan məşəli xatırladır. Belə ki, içi qızılı qırmızı rəngdə olan lövhə ilə əhatə olunmuş milli xalçadan ibarət gümüşü sütun suyun üzərinə yerləşdirilib. Burada su özündə qələbəni əks etdirən Xəzər dənizini təmsil edir. Üst hissəsinə gümüş sütunun bərkidildiyi fundament ön üzündə Formula 1-in loqosu əks olunur. Bununla yanaşı, fundamentin yuxarı hissəsinə Azərbaycan bayrağının rənglərində olan üç halqa qoyulub.
Kubok, forma və dizayn baxımından birlik və tərəqqi konsepsiyası çərçivəsində ərsəyə gətirilib və əsas simvolik milli elementlər olan od, hava və suyun bədii tərənnümü vasitəsilə ölkənin mədəni irsi və kimliyini əks etdirmək üçün xüsusi olaraq hazırlanıb. Bununla da kubok Azərbaycan xalqının inam, güc, birlik və şöhrətini təsvir edən bu elementlərin hamısını özündə birləşdirir.
live.az