Azərbaycana 20 mindən artıq pirat mobil rabitə cihazının gətirilməsinin qarşısı alınıb
- 19.06.2013, 02:06,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sisteminin (MCQS) işə düşməsindən indiyədək 12 milyon mobil rabitə cihazı qeydə alınıb.
APA-nın məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, bu cihazların 400 mini mobil telefon olmayan rabitə vasitələri – planşet və ya avtomobillərdə qurulan GPS cihazlardır. MCQS-in işə düşməsindən sonra qeydə alınan leqal mobil cihazlarla yanaşı, 250-300 minədək qeyri-qanuni, yəni pirat və ya klonlaşdırılmış mobil rabitə vasitələri də aşkarlanıb.
İ. Məmmədovun sözlərinə görə, əvvəlcədən nəzərdə tutulduğu kimi bu cihazlar da qeydə alınıb və onların istifadəsi mümkündür, amma bu cihazlar yalnız hazırda istifadə edilən sim-kartlarla istifadə oluna bilər. Həmin cihazlara başqa sim-kartlar daxil edildikdə onların fəaliyyəti dayandırılacaq.
Yeni sistemin işə düşməsi özünü dərhal oğurlanmış telefonlara münasibətdə də göstərib. İ.Məmmədovun sözlərinə görə, MCQS-in fəaliyyətə başlanmasından sonra 85 telefon oğurluğu halı aşkar edilib ki, bu barədə məlumatlar da dərhal sistemə daxil edilib: «Həmin telefonlardan istifadə olunsa, istifadəçilər dərhal aşkar ediləcək və onlara qarşı tədbirlər görüləcək. Yəni indi həmin telefonlar gərəksiz əşyaya çevrilib. Yeni sistemin işə düşməsi xaricdən ölkəyə pirat telefonların gətirilməsinin də qarşısını alıb. Sistem işə düşəndən ölkəyə mənşəyi bilinməyən, orijinal olmayan 20 minə yaxın mobil rabitə cihazının gətirilməsinin qarşısı alınıb”.
Qeyd edək ki, Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) mayın 1-dən işə düşüb və ölkədə istifadə olunan bütün mobil rabitə cihazları bu sistemdə qeydiyyatdan keçməlidir. Bu tarixdən etibarən ölkədə mənşəyi bilinməyən, orijinal olmayan və oğurluq telefonların istifadəsi mümkün deyil. Bu zaman mobil telefonun orijinal olub-olmadığı onun IMEI koduna əsasən müəyyən edilir.
Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında «pirat» kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir.