Azərbaycan prezidenti: "ABŞ-la əməkdaşlığımızın gündəliyi çox geniş sahələri əhatə edir"

Azərbaycan prezidenti İlham Əliyev iyunun 23-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.

APA-nın məlumatına görə, ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı ABŞ-a son səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri və ticarət naziri Penni Pritzker ilə çox səmərəli və mühüm müzakirələrin aparıldığı görüşlər zamanı ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işinə sadiqliyin bir daha təsdiqləndiyini vurğulayıb.

Dövlət başçısı ABŞ prezidenti Barak Obamaya Bakıda keçirilən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının iştirakçılarına ünvanlanmış məktubuna və məktubda dostluq münasibətlərimizin və əməkdaşlığımızın həqiqi mahiyyətini əks etdirən müsbət fikirlərinə görə minnətdarlığını bildirib.

B. Brinkin Azərbaycana ötənilki səfərini xatırlayan prezident həmin səfərin ölkələrimiz arasında əlaqələrin inkişafında müsbət dinamika baxımından önəmli məqam olduğunu qeyd edib. Azərbaycanla ABŞ arasında əməkdaşlığın gündəliyinin çox geniş sahələri əhatə etdiyini deyən prezident ölkələrimizin təhlükəsizlik, enerji və regional inkişaf kimi bir sıra məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Hazırda Azərbaycanla ABŞ arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı B. Brinkin səfərinin əlaqələrin uğurla inkişaf etdirilməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Regiona səfəri çərçivəsində yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edən B. Brink bildirib ki, səfərin məqsəd ölkələr arasında mövcud olan bütün sahələr üzrə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir. O, ölkələr arasında davamlı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri