Lənkəranda çətənə əkib-becərən şəxs tutulub

Lənkəranda narkotik xassəli bitkilərin becərilməsi ilə məşğul olan şəxs yaxalanıb.


Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi Famil Həsənov verib. Onun sözlərinə görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Balıqçılar qəsəbə sakini, 1959-cu il təvəllüdlü Tofiq Nəhməd oğlu Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan 10 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. İstintaq zamanı narkotik xassəli bu bitkilərin xüsusi aqrotexniki və kultivasiya yolu ilə əkilib-becərildiyi məlum olub. Tofiq Əhmədov isə narkotik aludəçisi olduğunu və həmin bitkiləri şəxsi istifadəsindən ötrü əkdiyini bildirib.


Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri