Müğənnilərdən etiraz: “Heç bir borcumuz yoxdur...”

Xəbər verdiyimiz kimi, bu gün Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb.

“Qafqazinfo” siyahıda adları keçən məşhurların bir neçəsi ilə əlaqə saxlamağa çalışıb.

Əməkdar artistlər Elza Seyidcahan, Mətanət İsgəndərli və müğənni Səidə Sultan mövzuya şərh verməyib:

“Biz bu barədə danışmaq istəmirik”.

Əməkdar artist Abbas Bağırov isə adının səhvən siyahıya salındığını iddia edib:

“Mənim nazirliyə heç bir borcum yoxdur. Adımı səhv yazıblar, yanlışlıqla bağlı nazirliklə əlaqə saxlamamışam, buna ehtiyac yoxdur. Yeri gəlsə, başqa müğənnilərdən daha çox vergi ödəyirəm”.

Müğənni Zamiq Hüseynov da həmkarı Abbas Bağırov kimi heç bir vergi borcunun olmadığını deyib:

“Bəli, məsələdən xəbərdaram. Biz vergimizi ödəyirik, vergidən yayınmağımız barədə hər hansı xəbərdarlıq mənə göndərilməyib”.

Xalq artistləri Brilliant Dadaşova və Gülyanaq Məmmədova zənglərə cavab verməyib.

***

Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov müğənnilərin ittihamlarına cavab verib.

Nazirlik nümayəndəsi qeyd edib ki, borcu olan vergi ödəyicilərinə bildiriş göndərilib:

”İlk öncə, bizə xəbərdarıq olunmayıb etirazına cavab olaraq deyim ki, adı siyahıda dərc olunan bütün müğənnilərlə iş aparılıb, hər biri ilə görüşülüb, yaranmış vergi öhdəlikləri müzakirə edilib. Öz vergi öhdəliklərini yerinə yetirənlər istisna olmaqla, kimin ki, vergi borcu qalıb, onların adı siyahıya salınıb. Adı siyahıda olan və hər hansı şikayəti və ya sualı olan, nəyisə aydınlaşdırmaq istəyən bütün müğənnilər Vergilər Nazirliyinin müvafiq yerli strukturlarına, qeydiyyatda olduqları vergi idarələrinə, vergi ödəyicilərinə, xidmət mərkəzlərinə yaxınlaşıb vergi öhdəliklərini dəqiqləşdirə bilərlər”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri