Komitədən intiharların qarşısını almaq üçün təklif

"Uşaq intiharlarının qarşısını almaq üçün məktəblərin uşaqlarla apardığı işləri gücləndirmək lazımdır. Çünki uşaqlar evdən kənarda vaxtlarının çoxunu məktəbdə keçirdiyindən məktəb də uşağın davranışına daha çox fikir verməli və bu məsələdə aparıcı rol oynamalıdır".

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Komitə rəsmisi hesab edir ki, məktəb psixoloqları uşaqlarda intihara gətirib çıxara bilən halları əvvəlcədən aşkarlaya bilərlər. Buna görə də uşaq intiharlarının qarşısının alınmasının həlli yollarından biri məktəb psixoloqlarının uşaqlarla işinin gücləndirilməsidir:

“Uşaq məktəbə gəlir, dərsini öyrənir, müəllim də qiymətini yazır və o, çıxıb gedir. Amma məktəb həm də uşağın davranışına, onun özünə qapanıb-qapanmamasına diqqət yetirməlidir. Hər bir məktəbdə bir psixoloq ştatı var. O psixoloq bu istiqamətdə uşaqlarla iş aparmalıdır ki, belə halları qabaqcadan aşkarlaya bilsin. Buna görə də bu məsələ ilə əlaqədar bizim ilk gördüyümüz tədbir məktəb psixoloqları ilə bağlı layihələrin həyata keçirilməsi olub. Düşündük ki, uşaq məktəbdə təhsil alırsa, psixoloq məktəbdə uşağın davranışını müşahidə etməklə müəyyən edə bilər ki, o uşağın ailəsində problemlər varmı, intihara gedə bilərmi, ya yox? Bununla bağlı məktəb psixololoqları üçün təlimlər də keçirmişik. Artıq həmin psixoloqlar uşaqlarla daha aktiv işləməyə başladılar. Əvvəl bu istiqamətdə iş o qədər qənaətbəxş deyildisə, artıq getdikcə nəticələr görünür. Bizə bu istiqamətdə Təhsil Nazirliyi də dəstək verir”.

P.Əliyev qeyd edib ki, prokurorluq orqanlarının komitəyə verdiyi məlumatlara və komitənin özünün apardığı araşdırmalara əsasən, uşaq intiharları daha çox ailədə baş verən münaqişələrin, zorakılıq hallarının, uşaqlara etinasız münasibət göstərilməsinin, uşağın fikirlərinin dinlənilməməsinin nəticəsi kimi meydana çıxır.

Onun sözlərinə görə, müxtəlif vaxtlarda uşaqlar arasında aparılan söhbətlər zamanı da məlum olub ki, uşaqlara daha çox təsir edən ailədəki etinasızlıq hallarıdır: “Uşaq hansısa bir münaqişədən depressiyaya düşərək özünü asıb. Əslində bu, qeyri-adi gələ bilər, amma uşağın həyatında baş verə bilən istənilən hal onun psixologiyasına dərhal təsir edir və o, sarsıntı keçirərək bu addıma gedir”.

P.Əliyev əlavə edib ki, uşaq intiharlarının qarşısının alınması üçün geniş tədqiqatın aparılmasına ehtiyac var: “Ətraflı araşdırmanın nəticələri əsasında konkret tədbirlər həyata keçirmək olar. Biz indi də bu istiqamətdə müəyyən tədbirlər görməyə çalışırıq. Bu istiqamətdə həyata keçirdiyimiz tədbir hələlik psixoloqlar bağlı apardığımız təlimlər olub. Amma məktəblərdə də uşaqlarla müxtəlif vaxtlarda söhbətlər aparılıb ki, problem olduqda - uşaqlarla intihar barədə birbaşa danışmaq düzgün deyil - onu maksimum məktəbdə bölüşmək lazımdır. Bunun üçün məktəbin psixoloqu, sinif rəhbəri var. Uşaq öz daxilindəkiləri kiminləsə bölüşməsi intihar hallarının azalmasına şərait yaradır”.
Şərhlər
Sosial bölməsinin xəbərləri