Almaniya XİN rəhbəri: "Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil"
- 30.06.2016, 01:42,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil".
APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer İrəvanda, ermənistanlı həmkarı Edvard Nalbəndyanla keçirdiyi mətbuat konfransında bəyan edib.
“Bölgədə alovlanan son hərbi əməliyyatlardan iki ay keçib, hər iki tərəf itki verib. Düşünürəm ki, həm münaqişə tərəflərinə, həm də ATƏT-ə aydındır ki, belə vəziyyətdə status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Hesab edirik ki, münaqişənin davamı hərbi əməliyyatların başlanma riskini artırır”, deyə F-V.Ştaynmayer bildirib.
Almaniyanın xarici işlər nazirinin sözlərinə görə, münaqişənin uzunmüddətli həlli üçün səyləri artırmaq lazımdır. O, tam danışıqların artıq bu il başlayacağına ümidvar olduğunu bildirib.
“İki ay bundan əvvəl baş verən hadisələr təkrarlanmamalıdır. Biz təhlükəsizliyin təmini və danışıqları davam etdirmək yollarını tapmalıyıq ki, atəşkəs rejimi pozulmasın. Həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi üçün səy göstərəcəyik”, Ştaynmayer əlavə edib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.