Elmar Məmmədyarov: “Ortada sənəd var, üzərində iş gedir”
- 30.06.2016, 18:55,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik, amma danışıqlar naminə danışıqlar olmamalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.
Sankt-Peterburqda substantiv danışıqların başladığını deyən nazir bildirib ki, ortada sənəd var və onun üzərində iş gedir: “Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”.
ATƏT-in regionda rolunun böyük olduğunu deyən E. Məmmədyarov qeyd edib ki, bu qurum Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. “Mən bilirəm ki, Almaniya regionda sabitliyin möhkəmlənməsinə çalışır. Təhlükəsizlik çox vacibdir, o pozulsa, iqtisadiyyat, insan hüquqları pozulur”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.