Tarif Şurası daha 2557 dərman vasitəsinin qiymətini təsdiqləyib

Tarif Şurası daha 2557 dərman vasitəsinin qiymətini təsdiqləyib Prezident İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib. Bu barədə APA-ya şuradan verilən məlumatda bildirilib. Məlumata görə, ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olunub. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99%-ni təşkil edir.


Bunlardan 7300 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2332 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcəkdir.
2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.


Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 2557 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb. Belə ki, 29%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismar idarəsinin "Azərsu" ASC-yə verdiyi suyun topdansatış tarifinin qüvvədə olma müddəti 2016-ci il 1 oktyabr tarixinədək müəyyən edilib.


Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib (keçid: http://tariff.gov.az/documents/DVA.pdf).
Şərhlər
Sosial bölməsinin xəbərləri