Macarıstan, Avstriya, Rumıniya və Bolqarıstan Azərbaycanı Nabucco West layihəsini dəstəkləməyə çağırıblar
- 19.06.2013, 16:01,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Macarıstan, Avstriya, Rumıniya və Bolqarıstan Azərbaycanı Nabucco West qaz kəməri layihəsini dəstəkləməyə çağırıblar. APA-nın Avropa mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə ötən həftə Slovakiyada keçirilən Mərkəzi Avropa Sammitinin yekunlarına həsr olunmuş brifinqdə Avstriyanın prezidenti Xaynts Fişer deyib.
Onun sözlərinə görə, Macarıstan, Avstriya, Rumıniya və Bolqarıstan prezidentləri adından Azərbaycan prezidenti İlham Əliyevə Nabucco West layihəsini dəstəkləməyə çağıran məktub göndərilib.
Xatırladaq ki, “Şahdəniz” konsorsiumu Azərbaycan qazını Avropaya çıxaracaq kəmər layihəsi ilə bağlı qərar qəbul etməlidir. Azərbaycan Nabucco West və TAP layihələri arasında seçim edəcək.
Xaynts Fişer Nabucco West layihəsinə üstünlük verdiyini bəyan edib: “Çünki bu layihə böyük miqdarda enerji resursları nəql etməyə, təbii qazla təminat məsələsində Rusiyadan tam asılı olan Mərkəzi və Şərqi Avropaya qaz nəqlini şaxələndirməyə imkan verir. Biz şaxələndirməyə inanırıq. Bu sahədə inhisar və inhisarçı vəziyyət olmamalıdır”.
O qeyd edib ki, Nabucco West layihəsi ilə bağlı məktuba Türkiyə də dəstək verib.