Prezident: “Əvvəlki Bakı-Tbilisi-Qars layihəsinə qarşı çıxanlar indi onu dəstəkləyirlər”

“Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Biz hesab edirdik ki, 2013-cü ildə bu layihəni icra edəcəyik. Ola bilər ki, gələn ilə qalsın. Ancaq bütövlükdə deyə bilərəm ki, layihənin icrasında heç bir problem yoxdur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında deyib.

Prezident bildirib ki, layihə ilə bağlı əsas işlər bu ilin sonuna qədər görüləcək: “Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilir. Biz bu layihəyə həm siyasi dəstək vermişik, həm də maliyyə yükünün böyük hissəsini öz üzərimizə götürmüşük. Ancaq biz indi görürük ki, bu layihə də artıq regional müstəvidən çıxıb. Əvvəlki illərdə bu layihəyə qarşı çıxanlar indi onu dəstəkləyirlər”.

Prezident qeyd edib ki, Azərbaycan layihəni tərəfdaşları ilə müzakirə etdikdə “Ermənistan niyə bu layihənin üzvü deyil” sualları ilə üz –üzə qalıb: Hətta “Ermənistan bu layihənin üzvü olmasa, bu layihəyə beynəlxalq dəstək verilməyəcək” məsələləri də ortaya çıxmışdı. Ancaq buna baxmayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan dövlətlərinin birgə iradəsi nəticəsində biz bu layihəni həyata keçiririk, keçirəcəyik. Ermənistan bu layihədən də təcrid edilib. Bu, bizim prinsipial mövqeyimizdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan heç bir regional layihənin iştirakçısı ola bilməz. Bakı-Tbilisi-Qars dəmir yolunun həyata keçirilməsi tarixi hadisədir”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri